Azərbaycanın hökumət orqanları dekabr ayında fransalı şəxsi
casusluq ittihamı ilə həbs edib.
Bu barədə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva "Agence
France-Presse" (AFP) agentliyinə müsahibəsində deyib.
"Casusluqda ittiham olunan Fransa vətəndaşı Martin Ryan
4 dekabr 2023-cü ildə həbs olunub", - o deyib.
Səfir məhkəmə orqanlarının sözügedən şəxs barəsində dörd ay
müddətinə həbs qətimkan tədbiri seçdiyini bildirərək Fransanın
Bakıdakı səfirliyinə bu barədə dərhal məlumat verildiyini əlavə
edib.
Qeyd edək ki, ötən gün Fransa Xarici Kəşfiyyat Baş İdarəsinin
Azərbaycanda apardığı casusluq fəaliyyətinə görə həbs olunmuş
şəxslərdən birinin şəxsiyyəti məlum olub. Onun adı Martin
Ryandır.
Martin Ryan dekabrın 4-də Bakıda həbs edilib. Merkorama MMC-nin baş
direktoru Martin Ryan casusluqda ittiham olunur. O, onu məxfi
əməkdaşlığa məcbur edən, sonradan Bakıdan qovulmuş Fransanın 2 DGSE
(Xarici Kəşfiyyat Baş İdarəsi) agenti tərəfindən istifadə
(manipulyasiya) edilib.
Daha əvvəl Qərb mətbuatında yayılmış məlumatlara əsasən, Azərbaycan
Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin 2023-cü il dekabr
ayının əvvəlində həyata keçirdiyi araşdırmalar və həbslər
nəticəsində Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan, Şərqi Avropa,
Yaxın Şərq və Mərkəzi Asiyanın bir sıra ölkələrində müxtəlif
əməliyyatlara cəlb edilmiş Fransa xüsusi xidmət orqanlarının geniş
agentura şəbəkəsi Azərbaycanda ifşa olunub.
Qısa müddət ərzində bir qismi həmin vaxt və ya əvvəllər
Azərbaycanda xidmət edib, bəziləri müxtəlif ölkələrdə və nüfuzlu
beynəlxalq təşkilatlarda örtülü işi davam etdirən onlarla Fransa
xəfiyyəsi aşkarlanıb.
Mənbə: trend.az