Azərbaycan Ordusunun əsgəri Laçında azaraq itkin düşüb. Bu barədə
Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
"Marneuli" radiosu
"Report"a istinadən xəbər verir ki, fevralın
28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan
Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında
hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək
azıb.
Qeyd olunub ki, hərbi qulluqçunun tapılması məqsədilə dərhal
başlanılan axtarış tədbirləri
davam etdirilir.
"Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat
veriləcək", – Nazirliyin məlumatında deyilir.
"Turan" informasiya agentliyi isə yazır ki,
Azərbaycan əsgəri Laçınla sərhəddə ermənilər tərəfindən
saxlanılıb.
"Ermənistan mənbələri səhər saatlarında iki Azərbaycan
hərbiçisinin Tex kəndi bölgəsində Ermənistan ərazisinə keçdiyini
bildirib. Onlardan biri saxlanılıb, digəri isə qaçıb. Əsir Gorusa
aparılıb", – agentlik yazır.
"Report" Azərbaycan Müdafiə Nazidliyinin daha bir məlumatını dərc
edib.
Yazıda qeyd olunub ki, Ermənistanın dezinformasiya
maşını fəaliyyətini davam etdirir.
"Ermənistanın dövlət strukturlarına bağlı bəzi sosial
media kanalları Laçın istiqamətində guya bu gün səhər saatlarında
baş vermiş hadisə ilə bağlı qeyri-peşəkar şəkildə montaj olunmuş,
dezinformasiya xarakterli video paylaşıblar.
Təqdim olunan videonun metaməlumatlarının tədqiqi və aparılan qısa
araşdırma nəticəsində müəyyən edilib ki, fərqli zamanda və fərqli
coğrafi məkanda çəkilmiş videogörüntülərin bugünkü hadisə ilə heç
bir əlaqəsi yoxdur", – "Report"un Azərbaycan Müdafiə
Nazirliyinə istinadən yazdığı məlumatda deyilir.
Bu arada Ermənistan Milli Təhlükəsizlik Xidməti Azərbaycan
hərbçilərinin sərhədi keçməsi xəbərini təsdiqləyib. Bu barədə
məlumatı "Amerkanın Səsi" yazır.
“Fevralın 28-də Sünik (Gorus) rayonunun Tex icmasının
sərhəd bölməsində AKM markalı avtomat və 1 ədəd patronla
silahlanmış Azərbaycan Silahlı Qüvvələrinin əsgəri təmas xəttini
keçib. O, Müdafiə Nazirliyinin hərbi qulluqçuları tərəfindən
saxlanılıb. Hadisə ilə bağlı Ermənistanın İstintaq Komitəsi
Ermənistan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi
açıb. İstintaq davam etdirilir”, – məlumatda
deyilir.
Hadisə ilə bağlı araşdırma aparılır.