Türkiyənin İstanbul Hava Limanı ABŞ-də nəşr olunan "Travel and
Leisure" səyahət
jurnalı tərəfindən hər il təşkil edilən "Dünyanın 10 ən yaxşı
beynəlxalq hava limanı" sorğusunda oxuculardan 95,79 bal toplayaraq
birinciliyə layiq görülüb.
Oxucu sayı hər ay 16 milyondan çox olan "Travel and Leisure"
jurnalının mükafatlandırma mərasimi ABŞ-nin Nyu-York şəhərində baş
tutub.
Mükafat İstanbul Hava Limanının əməliyyatlar
üzrə baş müdir müavini
Mehmet Büyükkaytana təqdim edilib.
Büyükkaytan dünyanın dörd bir yanından olan rəqibləri ilə
yarışdıqları səsvermədə birinci olmaqdan məmnun olduğunu qeyd
edib.
"İstanbul Hava Limanı olaraq, sərnişin məmnuniyyətini ön planda
tutaraq xidmətlərimizi sərnişinlərin ehtiyaclarına uyğun
formalaşdırırıq. Həmkarlarımızın da töhfələri ilə təqdim etdiyimiz
bu xidmətlərin şəxsən sərnişinlərimiz tərəfindən bəyənilməsi bizi
çox məmnun etdi", - deyə o bildirib.
"Travel and Leisure" jurnalı oxucularının rəyləri əsasında aparılan
araşdırmada hava limanlarını giriş, check-in, təhlükəsizlik, qida
və içki sahələri, alış-veriş və dizayn baxımından
qiymətləndirilir.
Sorğuda səsə qoyulan digər hava limanları arasında Çanqi Hava
Limanı (Sinqapur), Hamad Beynəlxalq Hava Limanı (Qətər), Dubay
Beynəlxalq Hava Limanı, İnçeon Beynəlxalq Hava Limanı (Cənubi
Koreya), Abu-Dabi Beynəlxalq Hava Limanı (Birləşmiş Ərəb
Əmirlikləri), Haneda Beynəlxalq Hava Limanı (Yaponiya), Çatrapati
Şivaji Maharac Beynəlxalq Hava Limanı (Hindistan), Honq-Konq
Beynəlxalq Hava Limanı və Osaka Beynəlxalq Hava Limanı (Yaponiya)
da yer alıb.
İstanbul Hava Limanı ilk dəfə 2021-ci ildə "Travel and Leisure"
jurnalının sorğusuna qatılıb və siyahıda ilk Türkiyə hava limanı
olub.
Məmbə: Oxu.az