Avropa Parlamenti iyulun 18-də keçirilən səsvermə ilə Ursula fon
der Leyen yenidən Avropa Komissiyasının prezidenti seçilib.
Gizli səsvermədə iştirak edən 707 parlament üzvündən 401-i Ursula
fon der Leyenin lehinə, 284-ü isə əleyhinə səs verib. Almaniyalı
siyasətçi ikinci müddətdə prezident olması üçün ən az 360 səs
toplamalı idi.
Fon der Leyen səsvermədən əvvəl Parlament qarşısında
çıxış edərək
növbəti mandatı dövrünün prioritetlərini açıqlayıb. O, iqtisadi
təzyiqlər, iqlim və təhlükəsizliklə bağlı təhdidlərə və
narahatlıqlara toxunaraq rifah, sosial ədalət, ekoloji davamlılığı
əsas tutacağını, qütbləşmə ilə mübarizə aparacağını vəd edib.
Ursula fon der Leyen həmçinin Avropanın “nə qədər lazımdırsa”,
Ukraynanın yanında olacağını deyib və Macarıstan Baş naziri Viktor
Orbanın Moskvaya səfərini tənqid edərək “bu dırnaqarası sülh
missiyası sakitləşdirmə missiyasından başqa bir şey deyildi” -
deyə, vurğulayıb.
“Heç kim sülhü Ukrayna xalqından çox istəmir. Azad və müstəqil ölkə
üçün ədalətli və davamlı sülh. Avropa isə nə qədər lazımdırsa,
Ukraynanın yanında olacaq. Biz Ukraynaya müqavimət göstərmək və
qalib gəlmək üçün lazım olan hər şeyi verməliyik”, Avropa
Komissiyasının Prezidenti əlavə edib.
Bir sıra dünya liderləri, o cümlədən Fransa, Almaniya, Böyük
Britaniyanın dövlət başçıları, Ukrayna prezidenti Volodimir
Zelenski Ursula fon der Leyeni yenidən seçilməsi ilə bağlı təbrik
edib.