Prezident Co Bayden bazar günü 2024-cü il Ağ Ev uğrunda yarışdan
çıxaraq, seçkiyə cəmi
dörd ay qalmış rəqibi Donald Trampla vəzifəyə uyğunluğu ilə bağlı
suallar doğuran debatdan sonra yenidən seçilmək üçün namizədliyini
dayandırdığını açıqlayıb.
Bayden X sosial media platformasında yazdığı şərhində noyabrda
keçiriləcək prezidentlik yarışından geri çəkiləcəyini bildirib.
"Sizin prezidentiniz olaraq xidmət etmək həyatımın ən
böyük şərəfi
olub. Mənim məramım seçkilərdə yenidən iştirak etmək olsa da,
inanıram ki, mənim patiyamın və vətənin maraqlarındadır ki, mən
çəkilim və diqqətimi yalnız dönəmimin yerdə qalan müddətində
prezident vəzifəsini yerinə yetirməyə cəmləşdirim," Bayden
açıqlamasında bildirib.
Son üç il yarım ərzində administrasiyasının nailiyyətlərini
sadalayan Bayden Amerikanın dünyada “ən qüdrətli iqtisadiyyata”
malik olduğunu bildirib.
“Birlikdə biz əsrdə bir dəfə baş verən pandemiyanın və Böyük
Depressiyadan bəri ən ağır iqtisadi böhranın öhdəsindən gəlmişik,"
Bayden bəyan edib. "Biz demokratiyanı qoruyub saxlamışıq. Və biz
dünya boyu alyanslarımızı canlandırmışıq və gücləndirmişik."
Bayden əlavə edib ki, o, həftə ərzində xalqa müraciət edəcək.
Qərar Baydenin Demokrat müttəfiqlərinin 81 yaşlı prezidentin iyunun
27-də uğursuz cavablar verdiyi və keçmiş prezidentin çoxsaylı
yalanlarını ifşa edə bilmədiyi debatından sonra kənara çəkilmək
üçün artan təzyiqlərindən sonra verilir.
Baydenin hərdən çaşqın və zəif görüntüləri onun fiziki və mental
səhhəti haqda suallara yol açmışdı.
ABŞ prezidenti 2025-ci il yanvarın 20-də günorta saatlarında başa
çatacaq səlahiyyət müddətinin qalan hissəsini tamamlamağı
planlaşdırır.
Təxminən 30 dəqiqə sonra Bayden Demokratların Çikaqoda avqust
ayında keçiriləcək qurultayında partiyadan favorit olan
vitse-prezident Kamala Harrisin namizədliyini dəstəklədiyini
açıqlayıb.
“Bu gün mən Kamalanın bu il partiyamızın namizədi olmasına tam
dəstəyimi və razılığımı bildirmək istəyirəm. Demokratlar, bir araya
gəlib Trampı məğlub etməyin vaxtıdır,” o, X səhifəsində başqa bir
yazıda bildirib.
Bayden bu qərarı keçən həftə COVID-19 diaqnozundan sonra Delaverdə
özünü təcrid etdiyi vaxt siyasi gələcəyini yaxınları və ailə
üzvlərinin kiçik bir dairəsi ilə müzakirə edərkən verib. Bayden
qərarının təfərrüatları və səbəblərini açıqlamaq üçün bu həftənin
sonunda xalqa müraciət edəcəyini deyib.
Ağ Ev məktubun həqiqiliyini təsdiqləyib.
Baydenin seçki kampaniyası ilə bağlı qərarını açıqlaması Ağ Ev
uğrunda mübarizədə hər iki siyasi partiyanın müasir tarixdə ən
vacib seçki kimi qiymətləndirdiyi yarışda növbəti sarsıntılı
addımdır və Trampa qarşı Pensilvaniyada seçki təşviqat tədbiri
zamanı sui-qəsd cəhdindən bir neçə gün sonraya təsadüf edir.
Heç bir partiyanın prezidentliyə potensial namizədi seçkiyə bu
qədər yaxın yarışdan geri çəkilməyib. Buna ən yaxın paralel Vyetnam
müharibəsi zamanı 1968-ci ilin martında başqa bir müddətə namizəd
olmayacağını elan edən prezident Lindon Conson ola bilər.
Demokratlar indi təcili olaraq həftələr ərzində namizədliyin irəli
sürülməsi prosesində ardıcıllığı təmin etməyə çalışmalı və
seçiciləri çox qısa müddət ərzində öz namizədlərinin Trampı məğlub
etmək işinin öhdəsindən gələ biləcəyinə inandırmalı olacaqlar.
Tramp isə öz növbəsində illərlə Baydenə fokuslandıqdan sonra
diqqətini yeni rəqibə yönəltməlidir.
Qərar donorlar, qanunvericilər və hətta köməkçilərinin ona
seçiciləri daha dörd il ərzində bu işi yaxşı bacara biləcəyinə
inandıra biləcəyinə şübhələrini ifadə etdiyi vaxt Baydenin 52 illik
seçkili siyasi karyerasının sürətli və heyrətamiz sonunu
göstərir.
59 yaşlı Harris federal kampaniya maliyyə qaydalarına uyğun olaraq
Baydenin kampaniyasının maliyyəsindən birbaşa istifadə edə bilən
yeganə namizəd olduğu üçün təbii varis kimi görünürdü.
Baydenin dəstəyi Harrisə yol açılmasına kömək edir, lakin “hamar”
keçid heç bir halda təmin olunmur.
Demokratlar Partiyasının milli qurultayının avqustun 19-22
tarixlərində Çikaqoda keçirilməsi planlaşdırılır, lakin partiya
şəxsən iştirakla keçən prosesə başlamazdan əvvəl Baydenin rəsmi
namizədliyini irəli sürmək üçün virtual səsvermə keçirəcəyini
açıqlayıb.
Harrisin namizədliyinə digər namizədlərin etiraz edib-etməyəcəyini
və ya Harrisin namizədliyinin təmin edilməsi üçün partiyanın öz
qaydalarını yenidən tənzimləməsinə necə ehtiyac olacağı məlum
deyil.
Baydenin yarışdan çəkilməsi səylərinin arxasında olanlar da daxil
olmaqla, Demokrat partiyasının rəsmiləri Baydenin qərarını
tərifləyən bəyanatlar veriblər.