Co Baydenin Kamala Harrisi Demokratlardan prezidentliyə namizəd
kimi dəstəkləməsi ilə o
, əsas partiyadan prezidentliyə ilk qaradərili qadın və Cənubi
Asiya əsilli ilk namizəd ola bilər.
Harris üç ildən çox müddət ərzində ölkənin ikinci rəhbər
vəzifəsində çalışıb, lakin Baydenin bazar günü 2024-cü il
prezidentlik yarışından geri çəkilməsindən sonra o, namizədliyə
əsas iddiaçı oldu.
O, vitse-prezident kimi
mühüm vəzifələri öz üzərinə götürsə də,
eyni zamanda, siyasi qələbələr əldə etmək və seçicilərlə əlaqə
yaratmaqda çətinlik çəkib.
Harris 2020-ci ildə vitse-prezident vəzifəsində ilk qadın olmaqla
yanaşı, bu vəzifəni tutan ilk qaradərili və ilk Asiya mənşəli qadın
olmaqla tarix yazdı.
O, Demokrat Partiyasının mantiyasını gələcəyə daşıya biləcəyi və
Demokratların növbəti namizədi ola biləcəyi ilə bağlı gözləntilər
fonunda vəzifəyə başladı.
Harris tez bir zamanda vitse-prezident kimi yüksək səviyyədə siyasi
tapşırıqları yerinə yetirsə də, bunlar çox vaxt onun böyük uğur
əldə edə bilməsi üçün çox çətin olan mürəkkəb məsələlər idi.
Onun ilk tapşırıqlarından biri Honduras, Salvador və Qvatemalada
şəraiti yaxşılaşdırmaq üçün çalışaraq, ABŞ-ın cənub sərhədində
miqrasiyanın əsas səbəblərini həll etmək idi.
Bu vəzifə onu siyasi yüklü immiqrasiya məsələsinin diqqət mərkəzinə
çəkdi. 2021-ci ildə NBC News kanalına verdiyi müsahibədə Mərkəzi
Amerikada səfər edərkən ABŞ-Meksika sərhəddində olmadığı dəfələrlə
soruşulduqda, Harris geniş tənqid olunan cavab verərək bildirmişdi:
“Mən Avropaya da getməmişəm. Yəni, nə demək istədiyinizi
bilmirəm.”
Harrisin ofisinin işçiləri vitse-prezidentə sərhəd təhlükəsizliyini
təmin etmək deyil, miqrasiyanın əsas səbəblərini araşdırmaq kimi
xüsusi tapşırıq verildiyini bildirsələr də,Harrisin Mərkəzi
Amerikaya səfəri zamanı potensial miqrantlara verdiyi mesaj onu bu
məsələ ilə əlaqələndirməyə kömək etdi.
“Gəlməyin. Siz geri qaytarılacaqsınız,” o, Qvatemalanın o zaman
prezidenti Alexandro Giammattei ilə keçirdiyi mətbuat konfransında
demişdi.
Harris eyni zamanda Bayden administrasiyasının bərabər bölünmüş
Senatda qəbul edilmək şansı az olan səsvermə hüququna və hərtərəfli
seçki islahatına dair qanun layihələrini qəbul etmək səylərinə
nəzarət etmək vəzifəsini öz üzərinə götürdü. Qanunvericilik 2022-ci
ilin yanvarında Baydenin onun qəbul edilməsi üçün son səy
göstərərək, Corciya ştatının Atlanta şəhərində nitq söyləməsinə
baxmayaraq uğursuz oldu.
Harrisin tərəfdarları onun son vaxtlar aborta çıxış imkanı və silah
təhlükəsizliyi kimi məsələlərdə irəliləyiş əldə etdiyini
bildirir.
Ali Məhkəmə 2022-ci ilin iyun ayında abort hüquqlarının federal
səviyyədə müdafiəsini ləğv etməsindən sonra Harris aborta çıxış
imkanı məsələsini nitqləri və kampaniya mesajlarının əsas hissəsinə
çevirdi.
Baydenin yaşı ilə əlaqədar olaraq Harrisin Ağ Evdə mövqeyi daha çox
əhəmiyyət kəsb etməyə başladı. Noyabrda prezidentin 82 yaşı olacaq
və sorğular amerikalıların əksəriyyətinin onun daha bir müddət
vəzifədə olması üçün çox yaşlı olduğunu düşündüyünü göstərir.
İyunun 27-də prezidentliyə namizədlərin debatları zamanı çətinlik
çəkməsindən sonra bəzi Demokrat qanunvericilər və donorlar Baydeni
yarışdan çıxmağa çağırıblar. Bir aydan az bir müddət sonra o,
yarışdan çıxdığını elan edəndə Harrisi dəstəklədiyini bildirdi.
Harris açıqladığı mesajında “niyyətinin bu namizədliyi almaq və
qazanmaq olduğunu” bildirib.
Baydenin prezidentlik yarışından çəkilməsindən öncə Harris onu
şiddətlə müdafiə edib.
“Prezidentimiz Co Bayden haqqında bildiyimiz bir şey onun mübariz
olmasıdır. ...“Yıxılanda ayağa qalxırsan” deyən ilk şəxs odur,”
Harris Şimali Karolinada iyul ayında keçirilən kampaniya tədbirində
tərəfdarlarına deyib.
Harris vitse-prezidentliyi dövründə rəy sorğularında aşağı
reytinqlərə malik idi.
2023-cü ilin iyununda NBC kanalının keçirdiyi sorğu onun mənfi
reytinqinin (-17) 1989-cu ildə sorğu başlayandan bəri
vitse-prezident üçün ən aşağı reytinq olduğunu göstərib.
İyun ayında Pew Araşdırma Mərkəzinin ilk prezidentlik debatından
bir qədər əvvəl apardığı sorğunun nəticələri təxminən 10 nəfərdən
altısının (59 faiz) Harris haqqında mənfi fikirdə olduğunu, sorğu
iştirakçılarının 36 faizinin isə ona müsbət münasibət bəslədiyini
göstərib. Respondetlərin digər 3 faizi isə onun haqqında
eşitmədiklərini bildirib.
Prezidentlik debatında çıxışı Baydenin yenidən seçilmək qabiliyyəti
ilə bağlı suallar doğurduqdan sonra Demokratlar Baydenin potensial
varisi kimi Harrisin ətrafında birləşdilər.
Harris vitse-prezident olana qədər artıq bir neçə siyasi uğur
qazanıb.
Atası yamaykalı və anası isə hindli olan Harris Kaliforniyanın ilk
qaradərili baş prokuroru, həm də bu vəzifəni tutan ilk qadın
idi.
2016-cı ildə Kaliforniyadan ABŞ Senatına seçilməklə o, Senatda
təmsil olunan ilk Cənubi Asiya əsilli qadın oldu.
Senatda səlahiyyət müddətinin ikinci ilindən sonra o, 2020-ci ildə
Demokrat partiyasından prezidentliyə namizədliyini irəli sürdü.
2019-cu ildə Kaliforniya ştatının Okland şəhərində 20,000 nəfərin
iştirak etdiyi mitinq keçirərək, güclü starta baxmayaraq, rəy
sorğularında onun reytinqi durmadan azalmağa başladı. Dekabrda o,
yarışlardan çıxdığını açıqladı.
Bayden 2020-ci ilin martında vitse-prezidentliyə namizəd vəzifəsinə
qadın seçəcəyini elan edəndə Harrisin adı həmişə ən yaxşı
namizədlər arasında idi.