Özbəkistan parlamenti ölkənin Ailə Məcəlləsinə yaxın qohumlar
arasında nikahları qadağan edən dəyişiklik edib.
Hazırda Özbəkistanda birbaşa qohumlar (məsələn qızla atası
arasında), habelə doğma və ögey bacı və qardaşlar, övladlığa
götürülmüş şəxslərlə nikahlar qadağandır.
Yeni qanun layihəsində isə yan xətt üzrə qohumlar arasında
nikahların qadağanı təklif olunur.
Söhbət bacı və qardaşlardan və onların övladlarından, ata
və ananın
qardaş və bacılarından və onların övladlarından, habelə baba və
nənələrin bacı və qardaşlarından və onların övladlarından
gedir.
Bu qaydadan istisna yalnız müsbət genetik analiz nəticəsi təqdim
edənlərə oluna bilər.
Genetik xəstəliklər və anadangəlmə qüsurlar
Qanun layihəsinin izahatnaməsində deyilir ki, yaxın qohumlar
arasında nikahlara görə ölkədə genetik xəstəlikləri olan uşaqların
sayı artır.
Məsələn 2023-cü ildə yaxın qohumlar arasında nikahlardan doğulmuş
uşaqların 9.7 faizində genetik xəstəliklər aşkar olunub. Bu rəqəm
2022-ci ildə 8.3, 2021-ci ildə isə 9.1 faiz idi.
2021-ci ilin ikinci yarısında yaxın qohumlar arasında 1210 nikah
bağlanıb. Bunun yarıdan çoxu Surxandərya (343) və Qaşqadərya (371)
vilayətlərinin payına düşür.
2023-cü ilin məlumatına görə ölkədə anadangəlmə qüsur və genetik
xəstəlikləri olan uşaqların əksəriyyəti bu vilayətlərdə
doğulub.
Surxandəryada belə uşaqlar 31.6 faiz, Qaşqadəryada isə 26 faiz
təşkil edir.
Əndican, Səmərqənd və Buxarada isə bu göstərici 10-12 faiz
arasındadır.