Roma Papası 88 yaşında uzun sürən xəstəlikdən sonra vəfat
edib
Qeyd edək ki, fevralın 14-də Papa Fransisk bronxit diaqnozu ilə
xəstəxanaya yerləşdirilib. Ona ikitərəfli pnevmoniya diaqnozu
qoyulub və bir neçə dəfə süni nəfəs aparatına qoşulub.
Vatikana qayıdışı və son çıxışı
Martın 23-də Fransisk 38 gün xəstəxanada qaldıqdan sonra Vatikana
qayıdıb. Ötən gün o, Vatikanın
Müqəddəs Pyotr meydanında Pasxa
bayramı ilə əlaqədar müraciət edib.
Papa Fransisk – Bioqrafiya
Papa Fransisk (əsl adı Xorxe Mario Berqolyo) 17 dekabr 1936-cı ildə
Argentinanın paytaxtı Buenos Ayresdə anadan olub. O, italyan əsilli
mühacir bir ailənin övladıdır. Gənclik illərində kimya mühəndisliyi
üzrə təhsil alıb, lakin daha sonra dini həyata yönəlmiş və 1958-ci
ildə Cizvit Ordeninə qoşulub.
Berqolyo uzun illər ərzində müxtəlif dini vəzifələrdə çalışıb:
yepiskop, kardinal və Buenos Ayres arxiyepiskopu kimi xidmət
göstərib. 2013-cü ilin martında Papa XVI Benediktin istefasından
sonra keçirilən konklavda Roma Katolik Kilsəsinin yeni rəhbəri
seçilib. O, "Fransisk" adını götürməklə təvazökarlıq və yoxsulluğa
qarşı həssaslıq rəmzi olan Assisili Fransiskə ehtiramını
bildirmişdir. Bu, həm də Kilsə tarixində "Fransisk" adını daşıyan
ilk papa olması ilə yadda qalıb.
Papa Fransisk islahatçı mövqeyi, sosial ədalətə və yoxsul
təbəqələrə xüsusi diqqəti, dinlərarası dialoqa verdiyi önəm və
iqlim dəyişikliyi ilə mübarizəyə çağırışları ilə tanınıb. O,
Katolik Kilsəsində sadəliyin və şəffaflığın gücləndirilməsini
prioritet elan edib.