Gürcüstan idmançıları Almaniyada keçirilən yarışa hazırlaşırlar
“18-19 oktyabr tarixində Almaniyanın Nordhorn şəhərində keçiriləcək “Dünya çempionatı”na Gürcüstan idmançıları da qatılacaq”, – bu barədə məlumatı "Marneuli" radiosu ilə söhbəti zamanı "Gorarxı" idman klubunun baş məşqçisi və WFMC-Gürcüstan təşkilatının rəhbəri Tofiq Əkbərov verdi. Onun sözlərinə görə, yarış Dünya Döyüş Növləri Federasiyasının təşkilatçılığı ilə baş tutacaq və yarış Kikboks, Tayboks, K1 və digər idman növləri üzrə keçiriləcək.

Əkbərovun sözlərinə görə, yarışa Marneulidən də iki idmançının qatılması planlaşdırılır. Amma yarışda iştirak etmək üçün müəyyən maliyyə vəsaitinə ehtiyac olduğundan, ola bilsin Marneulili idmançılar bu yarışda iştirak edə bilməsin.

“5 nəfər Qardabani, 2 nəfər Tbilisi və 1 nəfər də Rustavidən olan idmançılarımız var. Bu gün müəyyənləşəcək ki, onlar gedəcəklər yoxsa yox. Marneulidən 2 idmançımız var, aparmaq istəyirik, amma ailələrinin maddi durumu zəifdir. Rayon bələdiyyəsi, rayon idman idarəsindən də vəsait ayırılmır. Qaldı ki, imkanlı şəxslərdən maliyyə dəstəyi olarsa, aparacağıq, amma olmasa, təəssüflər olsun ki, apara bilməyəcəyik”, - Tofiq Əkbərov dedi.

T. Əkbərov ümid edir ki, Marneulidən yarışa qatılacaq olan iki idmançıya imkanlı şəxslər tərəfindən köməklik göstəriləcək və onlar da yarışda iştirak edə biləcəklər.

Print Email
FaceBook Twitter Google