Marneulidə Kikboks idman mütəxəssislərinə və idmançılara dəstək olmurlar - Tofiq Əkbərov
“Kikboks üzrə Marneulili idmançılar xarici ölkələrdə keçirilən yarışlara öz hesablarına getməli olurlar və bəzi hallarda isə maliyyə olmadığından yarışlarda iştirak edə bilmirlər”, - bu haqda məlumatı "Marneuli" radiosu ilə söhbəti zamanı "Gorarxı" idman klubunun baş məşqçisi və WFMC-Gürcüstan təşkilatının rəhbəri Tofiq Əkbərov dedi.

Onun sözlərinə görə, üçüncü ildir ki, o, Marneuli İdman Komitəsinə və idman məktəbinə müraciət edir və rəsmi olaraq onun da bir idman mütəxəssisi olaraq qeydiyyatdan keçməsini istəyir.

“Bir Kikboksinq mütəxəssisi olaraq mən də istəyirəm ki, qeydiyyata düşüm. Mən də işləyəm və yaxud mən də xarici yarışlarda dövlətin dəstəyi ilə iştirak edəm. Amma təəssüflər olsun ki, biz ora düşə bilmirik. Qeydiyyata alınmırıq. Şəxsən mənə təklif etdilər ki, boks məşqçisi olum. Boksa da bir idman kimi hörmətim var. Amma mən kikboksçuyam, bu iş üzrə uzun müddətdir ki, fəaliyyət göstərirəm və bu üzrə bizim uğurlarımız, nəticələrimiz var. Ona görə də biz bu problemi yaşayırıq”, - Tofiq Əkbərov dedi.

Əkbərovun dediyinə görə, onlar Kikboks və Tayboks federasiyalarının üzvüdürlər.

“Gürcüstanın digər rayonlarında, Bolnisidə, Dmanisidə, Qardabanidə kikboksinqlə məşğul olan məşqçilər qeydiyyata alınır. Məşqçilərin xaricə getmələrinə dəstək ayrılır. Məsələn, Qardabanidə idman məktəbinin direktoru Zura Bendeliani hörmət etdiyim insanlardandır. Kikboqsçularımıza çox dəstək olur və xaricə gedən məşqçilərə yarışlarda xərclərinin ödənməsi üçün dəstək olur. Xaricdə yer alan idmançılara geri döndüklərində pul mükafatı və digər qiymətli hədiyyələrlə mükafatlarndırılmasına imkan yaradır. Digər rayonlarda o şərait var. Bəzi insanlar düşünürlər ki, kikboksinq qeyri-olimpiya idman növü olduğuna görə belədir. Amma idman idmandır fərqi yoxdur istər olimpiya növü olsun istər qeyri-olimpiya olsun. Dövlətdə, İdman Nazirliyində təmsil olunursa, buna da diqqət olunmalıdır”, - Tofiq Əkbərov dedi.

Məşqçinin sözlərinə görə, başqa bələdiyyələrdə Kinkboksa, idman mütəxəssislərinə və idmançılara köməklik göstərilir və onlara dəstək olurlar. Amma Marneulidə Kikboks idman mütəxəssislərinə və idmançılara dəstək olmurlar.

“Biz həmçinin kikboksinq və tayboksinqin Gürcüstanda olan rəsmi federasiyasının üzvüyük. Bu federasiya Gürcüstan İdman Nazirliyində təmsil olunur. Biz bunların ezamiyyəti əsasında yarışlarda iştirak edirik. Yarışlar xərclidir, amma bu xərclər rayonlarda idman komitələri tərəfindən qarşılanır. Məsələn, Qardabanidə bizim 5-ə yaxın idmançımıza maliyyə ayrılır və müəyyən qədər kömək edirlər”, - Tofiq Əkbərov dedi.

T. Əkbərov ümid edir ki, yaxın günlərdə bu məsələyə müsbət bir cavab verərlər və o, da bir Kikboks mütəxəssisi kimi Marneuli bələdiyyəsində qeydiyyatdan keçər.

Məsələyə aydınlıq gətirmək üçün Marneuli Bələdiyyəsinin İdman Məktəbinin direktoru İaqo Naveriani ilə əlaqə saxladıq. O, bildirdi ki, o adda və soyadda birini tanımır.

Print Email
FaceBook Twitter Google