Marneulidə fəaliyyət göstərən “Gənclik” futbol klubuna hədiyyələr təqdim olunub (VİDEO)
17:01 / 24.06.2021
24 iyun tarixində “Soydaş” ictimai birliyi tərəfindən Marneulidə
fəaliyyət göstərən “Gənclik” futbol klubuna forma, top və digər
ləvazimatlar hədiyyə olunub.
Bu barədə “Marneuli” radiosu ilə söhbəti zamanı klubun baş məşqçisi
Əhməd İsmayılov məlumat verdi. Onun sözlərinə görə, hədiyyələr
Azərbaycanda fəaliyyət göstərən “Soydaş” ictimai birliyinin rəhbəri
Kamran Ramazanlı tərəfindən göndərilib.
Tədbirdə “Soydaş” ictimai birliyinin üzvü Şahin Gülməmmədov birlik
adından Marneulidə fəaliyyət göstərən yeniyetmələrdən ibarət futbol
klubuna futbolçu geyimi, orijinal futbol topu və çempionatda
iştirak üçün 500 lari üzvlük haqqı hədiyyə edib.
İsmayılovun dediyinə görə, klubun formaları olmadığından ölkə
miqyasında bir sıra turnirlərdə iştirak edə bilməyiblər. O, indi
ümid edir ki, onun yetirmələri artıq yarışlara qatıla
biləcəklər.
Əhməd İsmayılov onu da bildirdi ki, 27 iyun tarixində Kobuletidə
keçiriləcək beynəlxalq turnirdə iştirak etmək üçün yola düşəcəklər.
O, ümid edir ki, onun tələbələri yarışdan qələbə ilə
qayıdacaqlar.