Marneulili idmançılar Rustavidə keçirilən çempionatda iştirak ediblər
26-27 iyun tarixində Rustavi şəhərində “Beynəlxalq Xeyriyyə Kikboksinq Çempionatı” keçirilib. Çempionatda Marneulili idmançı və məşqçi Ramil Mehdiyevin tələbələri də iştirak edərək, uğur qazanıblar. Bu barədə “Marneuli” radiosuna Ramil Mehdiyev məlumat verdi. Onun sözlərinə görə, o, çox sevinir ki, onun tələbələri həmin yarışdan Marneuliyə medallarla qayıdıblar.

“26 iyun günü MMA döyüşü üzrə yarış keçirildi. Həmin döyüşdə mənim 6 tələbəm iştirak etdi. 6 döyüşçüdən ikisi birinci yerə, dördü isə ikinci yerə layiq görüldülər. 27 iyunda isə kikboksinq üzrə turnir baş tutdu. O turnirdə isə 21 döyüşçümüz iştirak edərək, gücünü sınadılar. Oradan da 17 çempionmuz oldu. Yəni birinci yerə çıxdılar, 4 nəfəri isə ikinci yeri qazandılar”, – Ramil Mehdiyev dedi.

Qeyd edək ki, 5-6 iyun tarixlərində Tbilisidə keçirilən peşəkar K1 və MMA döyüş üzrə beynəlxalq turnirdə iştirak edən Ramil Mehdiyev qələbə qazanaraq, birinci yerə layiq görülüb. Belə ki, peşəkar K1 və MMA döyüş üzrə keçirilən yarışda 80 kq çəki dərəcəsində rinqə çıxan Ramil Mehdiyev Türkiyəli rəqibini elə birinci raundda nokaut edərək qələbə qazanıb.


Print Email
FaceBook Twitter Google