66 yaşlı Kəpənəkçi kənd sakini, aşıq Mirzə Məmmədov 35 ildir ki,
aşıqlıqla məşğul olduğunu deyir. O, sazdan əvvəl qarmon ifaçısı
olub. Onun sözlərinə görə, ailədə 9 övlad olublar.
Məmmədovun qardaşları da musiqiyə böyük maraq göstəriblər.
Qardaşları dünyadan köçdükdən sonra o, sazda ifa etməyi öyrənməyə
qərar verir. Aşığın sözlərinə görə, sazda ifanı öyrənmək üçün ilk
dəfə ustad Kamandara müraciət edir. Məmmədov əvvəllər qarmonda ifa
etdiyi üçün sazda ifa etməyin ona elə də çətinlik yaratmadığını
deyir.
“8 qardaş, 1 bacı olmuşuq. Onlar həyatını itirəndən
sonra mən qardaşlarımın səsini yaşatmaq üçün saz çalmağa başladım.
Mən ilk dəfə ustad Kamandara müraciət etdim. O, mənə sazda ifa
etməyi öyrətdi. Mən gecə-gündüz başladım sazda ifa etməyə.
Yavaş-yavaş qardaşlarımın səsini yaşatdım. Beləcə biz sazı
yaşatdıq.”
Aşıq deyir ki, əvvəllər ailəsinin ehtiyaclarını qarşılamaq üçün
tədbirlərə, toy məclislərinə gedirmiş. O, koronavirusun
yayılmasının qarşısının alınması üçün tətbiq olunan qadağaların,
toylara qoyulan məhdudiyyətlərin ona və musiqiçi yoldaşlarına ziyan
verdiyini deyir. Məmmədovun bildirdiyinə görə, iki ilə yaxındır ki,
toylara gedə bilmir və heç bir yerdən də gəliri yoxdur. Aşıq
tezliklə ölkənin əvvəlki vəziyyətinə qayıdacağına ümid edir.
“Toylar olanda hər şey qaydasında gedirdi. Pandemiya
tək mənə deyil, bütün musiqiçilərə təsir etdi. Demək olar ki, 2
ildir, biz evdən çölə çıxmırıq, toylar yoxdur. Toylar yox, iş
yerləri yox. Biz nə edək ki, balalrımızı
saxlayaq?”
Hökumətin koronavirusun yayılmasının qarşısının alınması üçün qəbul
etdiyi qərara görə, toylar, doğum günləri, yas mərasimləri və başqa
sosial tədbirlərdə insanların sayı 10 nəfərdən artıq
olmamalıdır.