Marneulili idmançılar Tbilisidə keçirilən çempionatda 6 qızıl, 2 gümüş, 7 bürünc medal qazanıblar
1-4 iyul tarixlərində Tbilisi şəhərində “Gürcüstan Kikboksinq (Wako) Çempionatı” keçirilib. Çempionatda Marneulili idmançılar da iştirak ediblər. Bu barədə “Marneuli” radiosu ilə söhbəti zamanı “Gürcüstan Azərbaycanlı İdmançılar Birliyi”-nin sədri Tofiq Əkbərov məlumat verdi. Onun sözlərinə görə, çempionata 24 idmançı ilə qatılıblar, onlardan 15-i medal qazanıb.

“Bu çempionatda bütün yaş qruplarında idmançılarımız iştirak edirdi. Marneulidən bu çempionata 24 idmançı qatılmışdı. Onlardan 6-sı qızıl, 2-si gümüş, 7-si isə bürünc medal qazandılar. Birinci yerə çıxan 6 idmançımız Gürcüstan çempionu adına layiq görüldülər. Bununla yanaşı 16-ı rayon arasında keçirilən çempionatda Marneuli komandası xal hesabına görə 2-ci yeri qazandı. Birinci yerə isə Rustavi komandası çıxdı”, – Tofiq Əkbərov dedi.

Əkbərov onu da əlavə etdi ki, əldə olunan nəticələrə görə, bu ilin 16-19 sentyabr tarixlərində Macarıstanın paytaxtı Budapeşt şəhərində keçiriləcək “Wako-Dünya” çempionatında Marneulini 3 idmançı təmsil edəcək. Həmin idmançılar Gürcüstan yığmasının tərkibində mübarizə aparacaqlar.

Print Email
FaceBook Twitter Google