“Dinamo”dan açıqlama: “Neftçi” ilə oyunda stadionun 40 faizi dolacaq
Gürcüstanın paytaxtı Tbilisidə “Dinamo”“Neftçi” komandaları arasında iyulun 7-də keçiriləcək UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda “Dinamo Arena”nın təxminən 40 faizi azarkeşlərlə dolacaq.

Bu barədə “Dinamo”-nun Media meneceri İrakli Buxali məlumat verib.

Onun sözlərinə görə, pandemiya ilə əlaqədar bütün azarkeşlərdən qoruyucu maskadan istifadə tələb olunacaq və tribunalarda onların arasında bir boş oturacaq olacaq.

İ.Buxali bildirib ki, hər iki komandanın rəsmi fan-klubları stadiona buraxılmayacaq: “Bu, UEFA-nın müəyyənləşdirdiyi qaydadır. Matça yalnız bileti olan azarkeşlər buraxılacaqlar”.

Qarşılaşmaya biletlər bu gün saat 12:00-dan etibarən www.tkt.gewww.biletebi.ge saytlarında satışa çıxarılıb. Biletləri sabah saat 15:00-dan stadionun kassalarından da əldə etmək mümkün olacaq. Qiymət 5 - 20 lari arasında dəyişir.

Qeyd edək ki, Boris Payçadze adına “Dinamo Arena”da gerçəkləşəcək qarşılaşma 7 iyul saat 20:00-da start götürəcək.

Mənbə: report.az
Print