Gürcüstanı XXXII Yay Olimpiya Oyunlarında təmsil edəcək
idmançıların tam siyahısı açıqlanıb.
Gürcüstan “Tokio – 2020”də 11 idman növü üzrə 35 idmançı ilə
iştirak edəcək.
Siyahıda 22 yaşlı boksçu Sahil Allahverdiyev də yer alıb. O, 52
kiloqram çəki dərəcəsində mübarizə aparacaq.
Bu gün Tbilisidə olimpiya və paralimpiya oyunlarında iştirak edəcək
heyətin yolasalma mərasimi keçirilib. Tədbirdə çıxış edən
Gürcüstanın baş naziri İrakli Qaribaşvili bildirib ki, hökumətin
qərarı ilə qızıl medal qazanacaq idmançılara milyon lari (541 min
AZN) mükafat veriləcək. İdmançılara qələbə və uğurlar arzulayan
hökumət başçısı olimpiadada Gürcüstan himninin dəfələrlə
səsləndiriləcəyinə əminlik ifadə edib.
Gürcüstanın Milli Olimpiya Komitəsinin prezidenti Leri Xabelov
komandada çoxlu təcrübəli və titullu idmançıların olduğunu deyib.
Onun sözlərinə görə, komandanın əvvəlki olimpiadanın nəticələrini
yaxşılaşdırması üçün bütün resurs və imkanları var.
Mərasimə prezident Salome Zurabişvili, parlament sədri Kaxa Kuçava
və digər rəsmi şəxslər də qatılıb.
Qeyd edək ki, olimpiada 23 iyul - 8 avqust tarixlərində
keçiriləcək.
Mənbə: report.az