Dörd aydır ki, Marneulidə idman məktəblərinə fəaliyyətlərini bərpa
etmək imkanı verilib.
2000 idmançı və 63 məşqçi indi ötən ildəki boşluğu doldurmağa
çalışırlar.
Faiq Məmmədov üçün koronavirus pandemiyası ən ağır dövr olub.
Onlarla kiq-boksinq turniri təxirə salınıb, məşqlər, müxtəlif
tədbir və təhsil onlayn formata keçirilib. Məşqçi bildirdi ki,
məsələ fiziki aktivliyə aiddirsə distant şəkildə hər hansı uğur
qazanmaq çətindir. İndi ikiqat ağır iş görür. İdmançılara
unutduqları fəndləri xatırladır və yeni tapşırıqlar verir.
Faiq çətin vəziyyətə düşmüş yeganə idmançı deyil. Demək olar ki,
idman məktəbinin bütün məşqçiləri sosial baxımdan problem
qarşısında qalıb.
Marneuli İdman Məktəbi yerli özünüidarənin balansındadır və hər il
minimum bir milyon lari maliyyə dəstəyi alır. Məktəbə 20 idman növü
üzrə 87 qrup məşq edir. İdman Məktəbinin rəhbəri Mamuka Naveriani
bildirdi ki, bir neçə aylıq distant təhsilə baxmayaraq, idmanın
nəticələri qənaətbəxş olmayıb. Pandemiya şəraitində büdcə tam
xərclənməyib. Pul yalnız məşqçilərin əməkhaqqına ödənirmiş. Qapanma
İdman Məktəbində şagirdlərin 30% azalmasına səbəb olub. Ancaq bu
əməkhaqqının ödənməsinə təsir göstərməyib.
“Biz pandemiya dövründə, faktiki olaraq məşq prosesini
dayandırmışdıq. Müvafiq olaraq, bunların hamısı büdcənin
xərclənməsinə də təsir göstərdi. Kommunal xərclər, məşqlər üçün
məzuniyyətlər, yerli tədbirlərin təşkili – təbii ki, pandemiya
zamanı bunlar hamısı məhdudlaşdırılmışdı və büdcənin xərclənmə
prosesini də dayandırmışdıq. Buna görə, planlanan xərclər
xərclənməmiş qaldı. İndi də bizim planlarımız ilk növbədə pandemiya
prosesinin necə davam edəcəyindən asılıdır. Həmçinin, İdman
Federasiyasının planına uyğun hərəkət edirik. Biz Marneulidə
müxtəlif idman növləri üzrə daxili turnir keçirməyi
planlaşdırmışıq. Rəqabətin artırılması, peşəkar idmanın inkişafı
baxımından müxtəlif idman növləri üzrə Marneuli yığmamımızın olması
üçün bu mühümdür”.
Məhdudiyyətlər qaldırıldıqdan sonra məktəbdə ilk uğuru qeyd
ediblər. 20-25 iyul tarixində, Batumidə yeniyetmələr arasında
oxçuluq üzrə “Gürcüstan çempionatı” və “Gürcüstan kubok oyunları”
keçirilib. Çempionatda Marneuli İdman Məktəbinin idmançıları Salome
Xarşiladze və Tata Naveriani iştirak ediblər. Onlardan biri qızıl,
digəri isə gümüş medal qazanıb. Salome Xarşiladze tezliklə Avropa
çempionatında da yarışacaq.
Hələ ki, oxçu qızların uğurunu Marneulidə başqa idman növlərində
təkrar edən olmayıb. Bunun üçün müvafiq məşq edib, hazırlaşa
bilməyiblər.
2021-ci ildə Marneuli İdman Məktəbinin büdcəsinin 1 400 000 lari
olması nəzərdə tutulub. Mamuka Naveriani ümid edir ki, büdcəni tam
xərcləmək mümkün olacaq. Daxili turnirlər keçirəcəklər və müxtəlif
idman növlərində daha çox yarışacaqlar.
Marneuli İdman Məktəbindən əlavə, meriyanın Təhsil, Mədəniyyət,
İdman və Gənclərlə İş Şöbəsi də idmanın inkişafında öhdəlik
götürüb. Qeyd olunan şöbənin rəhbəri Elquca Kupatadze bildirdi ki,
faktiki olaraq bir ili itiriblər. Yalnız indi infrastruktur
layihələrini həyata keçirməyə və köhnə büdcəni xərcləməyə
başlayıblar. Pandemiyaya görə, Marneuli bələdiyyəsinin Tamarisi
kəndində idman zalının tikintisi işləri dayandırılıb, büdcə isə 408
452 laridir. 2019-cu ildə başlanmış iş bu gün də başa
çatdırılmayıb. Kupatadzenin sözlərinə görə, əgər heç nə mane
olmasa, çoxfunksiyalı zalın tikintisi yaxın gələcəkdə başa
çatdırılacaq. Qurumdan verilən məlumata görə, bu il 11 kənddə mini
futbol və basketbol meydançası tikiləcək.
“Biz əvvəlki ritmlə işləməyə başlamışıq. Dayandırılmış
layihələrin bərpa edilməsi, yenisinin əlavə olunması və indi, çox
kəndlərdə - Axlılələ, Xixani, Qaçağan, Sioni, İmir, Keşəlidə
stadionların tikintisi aparılır. Tikinti işləri müxtəlif
mərhələdədir, ancaq ilin sonuna qədər hamısı başa çatmalıdır. Eləcə
də Tsereteli və Qızılhacılı kəndlərində stadionun tikintisini
planlaşdırırıq. Təxminən, bir stadionun dəyəri 130 000 lari
çərçivəsində olacaq və 9 stadion var. İkisi də planlaşdırılır. İndi
pandemiya zamanı qalmış pul xərclənir və yenisi əlavə
edilir.”
Marneuli meriyası infrastruktur layihələrindən əlavə, idman məktəbi
ilə əməkdaşlıqla müxtəlif tədbirlər keçirməyi planlaşdırır. Belə
tədbirlərdən biri həvəskarlar arasında futbol turniridir. Marneuli
idman sahəsinin nümayəndələrinin böyük planları var və onları yaxın
gələcəkdə həyata keçirməyi planlaşdırırlar. Gürcüstanda
epidemioloji vəziyyət hər gün ağırlaşır. Koronavirusa gündəlik 5000
yoluxma və 50 ölüm halı ümidverici proqnoz verməyə şərait
yaratmır.