Gürcüstanda Azərbaycanın Dövlət Müstəqilliyinin Bərpası Gününə həsr olunan marafon keçirilib (VİDEO)
17 oktyabr tarixində Gürcüstanda 18 Oktyabr - Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin Bərpası Gününün 30 illiyinə həsr olunan marafon keçirildi. 300-ə yaxın iştirakçının iştirak etdiyi marafon saat 10:00-da Tbilisidə yerləşən Heydər Əliyev adına parkdan start götürdü. İştirakçılar 30 kilometrlik məsafə qətt edərək Rustavi şəhərinin Heydər Əliyev parkının yaxınlığında yerləşən finiş xəttini birinci keçmək uğrunda mübarizə apardılar.

Finiş xəttini ilk Gürcüstan vətəndaşı olan 29 yaşlı Daviti Xarazişvili keçdi. Qadınlar arasında isə Ketevan Samosonadze finişi ilk keçən marafonçu oldu

Səkkiz ölkədən olan vətəndaşların qatıldığı marafonda kişi və qadın katerqoriyalarında ilk üç yeri tutan iştirakçılara pul mükafatı və kuboklar təqdim olundu. Finişə çatan marafonun hər bir iştirakçısı sertifikatlarla təltif edildilər. Marafonun ən yaşlı qadın və kişi iştirakçısına da hədiyyələr verildi.

Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsaliya, Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan, Gürcüstan Parlamentinin üzvü Zaur Darğallı, Kvemo Kartli qubernatorunun müavini, Rustavi merinin əvəzedicisi və digər rəsmi şəxslər iştirak edirdilər.

Mərasim çərçivəsində parkda Azərbaycan mədəniyyətinə xas nümunələr də sərgiləndi.

Qeyd edək ki, marafon Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyi, SOCAR-ın Gürcüstandakı nümayəndəliyi, Azərbaycanlı İş Adamları Assosiasiyası (AZEBİ), Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Xırdalan Musiqi Məktəbi, Bakı Marafon Klubu, Gürcüstan Azərbaycanlı İdmançılar Birliyi (GAİB) və Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin birgə təşkilatçılığı ilə təşkil edilib.


Print Email
FaceBook Twitter Google