Rustavi şəhərində keçirilən Yunan-Roma güləşi üzrə çempionatda Marneulili idmançı bürünc medal qazanıb (FOTO/VİDEO)
Marneulidə fəaliyyət göstərən “Olimp İdman Məktəbi”nin yetirməsi Rəşad Orucov Rustavi şəhərində keçirilən Yunan-Roma Güləşi üzrə Gürcüstan çempionatında üçüncü yerə çıxaraq, bürünc medal qazanıb. Bu barədə “Marneuli” radiosu ilə söhbəti zamanı “Olimp İdman Məktəbi”nin Yunan-Roma güləşi üzrə məşqçisi Elçin Mustafayev məlumat verdi. Onun sözlərinə görə, 23 yaşlılar arasında keçirilən çempionatda uğur qazanan Rəşad Orucov Gürcüstan yığma komandasına vəsiqə əldə edib.

“2001-ci il təvəllüdlü Rəşad Orucov əslən Dmanisidəndir. Hal-hazırda Marneulidə yaşayır. 55 kq çəki dərəcəsində Gürcüstan milli yığmasına vəsiqə əldə edən yetirməmiz təcrübə və yoxlama görüşləri keçirəcək. Əgər Orucov 1-ci və 2-ci yerə çıxan idmançıları keçə bilsə, Avropa və dünya çempionatına gedə biləcək”, – Elçin Mustavayev dedi.

Mustafayev gələcək planlarından da danışdı. O, bildirdi ki, onlar indi növbəti yarışlara hazırlaşırlar.

“3 ildir ki, Marneulidə Yunan-Roma güləşi üzrə idmanla məşğul oluruq. Amma bir ildir ki, tam ciddi şəkildə məşğul olmağa başlamışıq. Biz olimpiya sistemi ilə işləyirik. Hal-hazırda bizim idman məktəbində 30 nəfər tələbə var. Bu ilin mart ayında yeniyetmələr arasında Gürcüstan çempionatı keçiriləcək. İndi bu yarışa hazırlaşırıq. Bu yarışa təxminən 8 nəfər idmançı ilə qatılmağı düşünürük. Allahın köməyi ilə bu yarışdan da qələbə ilə qayıdacağıq. Əgər bu yarışda qələbə qazana bilsək, yetirmələrmiz dünya çempionatına gedə biləcəklər və Marneulini təmsil edəcəklər”, – Elçin Mustafayev bildirdi.

Xatırladaq ki, əslən Dmanisi rayonundan olan Rəşad Orucov, bu günədək bir sıra yarışlarda iştirak edərək, yüksək nəticələr qazanıb. O, ölkə yığmasının heyətində təmsil olunacaq ilk azərbaycanlıdır.

Qeyd edək ki, idmançının məşqçiləri Elçin Mustafayev və Təbriz Bağmanovdur.




Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print Email
FaceBook Twitter Google