Azərbaycanın Yunan-Roma güləşi üzrə milli komandasının üzvləri Marneulidə idmançılarla görüşüblər (FOTO)
Gürcüstanın Bakuriani şəhərində təlim-məşq toplantısında olan Azərbaycan Yunan-Roma güləşi üzrə milli komandasının üzvləri 23 yanvar tarixində Marneuliyə səfər ediblər. Səfər çərçivəsində qonaqlar “Çay Evində” “Olimp İdman Məktəbi”nin tələbələri ilə görüşüblər. Bu barədə “Marneuli” radiosu ilə söhbəti zamanı idman məktəbinin Yunan-Roma güləşi üzrə məşqçisi Elçin Mustafayev məlumat verdi. Onun sözlərinə görə, tanınmış Azərbaycanlı idmançıların Marneuliyə səfəri onun tələbələrinə stimul verib.

“Bazar günü Azərbaycandan gələn idmançıların boş vaxtı olduğuna görə, onlar bizim rayona baş çəkdilər. Tanınmış idmançılardan olan dünya və Avropa çempionu Rafiq Hüseynov, əslən Dmanisidən olan Sənan Süleymanov, Eldəniz Əzizli və Orxan Nuriyev bizim tələbələrlə görüşdülər. Onlarla idman sahəsində söhbətlər etdilər. Bu görüş bizim tələbələr üçün gözlənilməz oldu. Çünki bizim tələbələrimiz onları televiziyada və sosial medialarda görürdülər. Amma indi onlar idmançıları canlı gördülər. Tələbələrdə güvən yarandı ki, gələcəkdə onlar da tanınmış idmançılar olsun. Bu görüş bizim tələbələrə stimul verdi. Onlar dünya və Avropa çempionları ilə görüşdülər. Bu görüş yaxşı oldu”, – Elçin Mustafayev dedi.

Görüşdən sonra idmançılar “Çay Evində” fəaliyyət göstərən kurslarla tanış olublar.

Qeyd edək ki, Yunan-Roma güləşi üzrə Azərbaycan milli komandası Bakuriani şəhərində Gürcüstan yığma komandası ilə birlikdə təlim-məşq toplantısı keçirirlər. Təlim-məşq toplantısı yanvarın 7-də başlayıb, yanvarın 27-də isə sona çatacaq.


Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print Email
FaceBook Twitter Google