Bakıda dünya kubokunun ikinci günü davam edir. Gürcüstanın
Azərbaycandakı səfiri Zurab Pataradze Milli Gimnastika Arenasında
davam edən Kişi və Qadın İdman Gimnastikası üzrə FIG dünya
kubokunda iştirak edən Gürcüstan gimnastları ilə görüşüb.
Ölkəmizin gimnastika növləri üzrə bu il təşkil edəcəyi 4-cü
beynəlxalq yarışda qeydiyyat siyahısına əsasən, 34 ölkədən 145
idmançı qüvvəsini sınayır.
Dörd günlük yarışların ilk iki günü təsnifat, sonrakı iki günü isə
final mərhələləri baş tutacaq. Turnirdə həmçinin, ən yüksək icra
xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” Kuboku da təqdim
olunacaq.
Dünya kubokunda ölkəmizi Mənsum Səfərov (sərbəst hərəkətlər),
Ağamurad Qəhrəmanov (sərbəst hərəkətlər, dayaqla tullanma, turnik),
İvan Tixonov (dəstəli at, dayaqlı tullanma, paralel qollar,
turnik), Cavidan Babayev (halqa), Nikita Simovov (halqa), Samirə
Qəhrəmanova (dayaqlı tullanma, gimnastika tiri, sərbəst
hərəkətlər), Milana Minakovskaya (müxtəlif hündürlüklü qollar,
gimnastika tiri, sərbəst hərəkətlər) təmsil edir.
2022-ci ildə bu növ üzrə müxtəlif ölkələrdə keçirilmiş dünya
kubokunun 3 mərhələsinin ardınca Bakıda təşkil ediləcək dünya
kuboku final mərhələsi hesab olunur. Bu səbəbdən 4 yarışda
göstərilən üç ən yaxşı nəticənin yekununa görə idmançılara
ayrı-ayrı alətlər üzrə FIG kuboku təqdim ediləcək.
Mənbə: azertac.az