Türkiyənin İstanbul şəhərində keçirilən kikboksinq üzrə peşəkar
yarışlarda Qardabanili idmançılar Kənan Bayramov və Emil Xəlilov
rəqiblərini məğlub edərək, növbəti mərhələyə vəsiqə qazanıblar.
Bu barədə “Gürcüstan Azərbaycanlı İdmançılar Birliyi”-nin sədri
Tofiq Əkbərov “Marneuli” radiosuna bildirdi. Onun sözlərinə görə,
25 mart tarixində Türkiyənin İstanbul şəhərində keçirilən “Night of
Warriors” turnirində Kənan Bayramov rəqibini nokaut edərək, növbəti
yarışa vəsiqə qazanmışdı.
“Kənan Bayramov 67 kiloqram çəkidə C kateqoriyasında
Mərakeşli rəqibi Xalid Benhannanı 2-ci raundda nokaut edərək,
qələbə qazanmışdı. Bayramov qazandığı qələbəyə görə, 4 may
tarixində İstanbulda keçiriləcək növbəti yarışa vəsiqə əldə etmiş
oldu. Kənan Bayramov 2019-cu ildə Almaniyada, WFMC versiyası üzrə
dünya çempionu adını qazanmışdı. Onu da bildirim ki, idmançımız may
ayının 12-dən sonra yığma komanda ilə birlikdə Türkiyədə
keçirilməsi nəzərdə tutulan "Turkish Open" (world cup) turnirində
iştirak edəcək”, – Tofiq Əkbərov dedi.
Əkbərov onu da bildirdi ki, onların daha bir idmançısı İstanbulda
keçirilən peşəkar yarışda iştirak edib.
“GAİB-in idmançısı, Gürcüstan Kikboksinq yığmasının
üzvü Emil Xəlilov 1 aprel tarixində İstanbulda keçirilən "X
Fight-3" peşəkar yarışında iştirak edib. Emil Xəlilov rəqibi Hamza
Yıldırım üzərində böyük üstünlüklə qalib gələrək, 4 may tarixində
keçirilməsi nəzərdə tutulan növbəti mərhələyə vəsiqə qazandı. Emil
Xəlilov da bu il yığma komanda ilə birlikdə "Turkish Open" (world
cup) turnirində iştirak edəcək”, – Tofiq Əkbərov
bildirdi.
Tofiq Əkbərov onu da əlavə etdi ki, Türkiyədə keçiriləcək “Turkish
Open” turnirində başqa idmançıların iştirak etməsi də nəzərdə
tutulub.
Qeyd edək ki, Kənan Bayramov və Emil Xəlilov Qardabanidə fəaliyyət
göstərən "Qaracalar" idman klubunun idmançılarıdır. Hər iki
idmançının baş məşqçisi isə İsfahan Əliyevdir.