“Suqovuşandakı turnirin əhəmiyyəti çox böyükdür” – Zaza Nadiradze
“Yüksək qonaqpərvərliyə görə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının rəhbərliyinə təşəkkürümü bildirirəm”.

Apasport.az saytının məlumatına görə, bunu azad olunmuş torpaqlarımızda keçiriləcək ilk beynəlxalq turnir – “Prezident kuboku-2022”də iştirak üçün Azərbaycana gələn Gürcüstan Kanoe və Avarçəkmə Federasiyasının prezidenti Zaza Nadiradze deyib.

O bildirib ki, bu yarışın əhəmiyyəti böyükdür: “Azərbaycanda mütəmadi olaraq turnirlərdə iştirak edirik. Budəfəki turnirin əhəmiyyəti çox böyükdür. Çünki yarış işğaldan azad olunmuş ərazidə təşkil olunacaq. Bu yarışda iştirak etməkdən çox məmnunuq. Uzun illər Azərbaycan torpaqlarının işğal altında olması barədə məlumatlı idim. Yarışa böyük olmayan heyətlə qatılmışıq. Ancaq idmançılarımızın medal qazanacağına ümid edirəm. Əsas dostluq əlaqələrinin möhkəmlənməsidir. İnanıram ki, sıx dostluğumuz bundan sonra da inkişaf edəcək”.

Gürcüstanın avarçəkmə üzrə milli komandasının baş məşqçisi Kaxaber İlxanaşvili isə növbəti ildə keçiriləcək yarışa daha böyük heyətlə qatılacaqlarını vurğulayıb: “Gələn il Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunacaq yarışa daha böyük heyətlə qatılacağıq və heyətdə daha güclü idmançılar yer alacaq. Ümid edirəm ki, idmançılarımız mükafatçılar sırasında yer almağı bacaracaqlar. Bu yarışın idmançıların peşəkarlıq səviyyəsinin artırılması və təcrübə qazanması istiqamətində əhəmiyyəti böyükdür”.

Qeyd edək ki, “Prezident kuboku-2022”nin açılış mərasimi və ilk yarış günü Suqovuşanda olacaq. Azərbaycan ilə yanaşı, Türkiyə, Gürcüstan, Moldova və Özbəkistandan 100-dən artıq avarçəkənin qatılacağı turnirdə idmançılar mayın 6-da Suqovuşan su anbarında kayak və kanoe növlərində mübarizə aparacaqlar. Mayın 7-də Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində akademik avarçəkmə üzrə qaliblər müəyyənləşəcək.

“Prezident kuboku-2022” turnirinə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilən su üzərində 3D effektli şou və atəşfəşanlıqla yekun vurulacaq.

Mənbə: apa.az
Print Email
FaceBook Twitter Google