Marneulidə fəaliyyət göstərən “Gənclik” futbol məktəbinin
yetirmələri Nicat Hüseynov Polşanın “Lex Poznan”, İlkin Əhmədov
həmin ölkənin “MKS Strug Tyczyn” klubuna transfer olunublar, Tural
Məmmədov isə Tbilisinin “Merani” klubunun sıralarına qoşulub.
“Gənclik” futbol məktəbinin baş məşqçisi Əhməd İsmayılov sözlərinə
görə, Nicat Hüseynov dünyanın ən yaxşı futbol klublarından birində
oynayacaq. O, buna görə, çox sevinir və ümid edir ki, onun
yetirmələri Marneulinin adını ucaldacaqlar.
“2004-cü il təvəllüdlü Nicat Hüseynov dünyanın ən yaxşı
klublarından olan, həmçinin Polşanın ən yaxşı futbolçu yetişdirən
“Lex Poznan” futbol klubuna transfer olundu. Mənə məlumat gəldi ki,
Polşada seçimlər keçirilir. Mən də Nicat Hüseynovu Polşaya
göndərdim. Orada seçimlərdən uğurla çıxdı və 25-liyə düşdü. Yəni
bir komandada 25 nəfər olur. Birinci yığma, ikinci yığma. Daha
sonra isə növbəti seçim keçirildi. O, 25-likdən 11-ə düşdü. İndi
isə bir başa hücum heyətindədir. Hücum xəttində oynayır. Kənd
yerindən çıxıb getdi. İnvertarsız, topsuz heç nəsiz çıxıb getdi.
Kiçik klubdan gedərək, o cür kluba düşdü. Bu böyük bir
müvəffəqiyyətdir”, – Əhməd İsmayılov dedi.
Futbol məktəbinin daha bir yetirməsi Tural Məmmədov Tbilisidə
fəaliyyət göstərən “Merani” futbol klubu ilə müqavilə imzalayıb.
Əhməd İsmayılovın dediyinə görə, onun yetirməsi bundan sonra
istədiyi futbol klubuna transfer oluna bilər.
“Tural Məmmədov 1998-ci il təvəllüdlüdür. Azərbaycandan
internetlə tapmışdılar. Onu “Barsa”ya yönəltdilər. Barsadan belə
bir cavab gəldi ki, bu adam heç bir zaman peşəkar futbol klubunda
olmayıb. Peşəkar klubda olandan sonra onun transfer edilməsində heç
bir problem olmayacaq. Bu FİFA-nın çıxartdığı bir qərarıdır. Onu nə
Azərbaycan, nə Gürcüstan nə də ki, İspaniya çıxardıb. Ona görə də
mən onu “Borjomi”yə göndərdim. “Borjomi”də seçimdən uğurla çıxdı və
iki qol vurdu. Oradan məsləhət gördülər ki, onu başa kluba
göndərək. Oradan “Merani”yə göndərdilər və seçimlərdə iştirak etdi.
Seçimlərdən uğurla çıxdı. May ayının ikisində Tbilisinin ən güclü
klublarından olan “Merani” futbol klubu ilə müqavilə imzaladı.
Artıq “Merani”dədir. Artıq müqavilə bağlanıb. O, indi artıq həmin
klubdan dünyanın istənilən klubuna gedə bilər. Tural Məmmədov mənim
ilk tələbəm olub. Hətta o, Bursa futbol akademiyasında olub. Qars
futbol akademiyasında isə 6 ay qalıb. Tural tək klassik futbol
oynayır. Buna lazımdır ki, başqa yerlərdə oynasın. Məsələn, Realda,
Barselonada və yaxud başqa yerlərə məharətini göstərsin. Bir il isə
Kiyevdə ikinci liqada oynadı, 3 qolun müəllifi oldu”,
– Əhməd İsmayılov “Marneuli” radiosuna bildirdi.
“Gənclik” futbol məktəbinin baş məşqçisinin sözlərinə görə, onun
daha bir yetirməsi Polşada futbol klublarının birində qapıçı kimi
oynayır.
“2001-ci il təvəllüdlü İlkin Əhmədov artıq Polşada
ikinci liqada oynayacaq. Həmin klubda iki qapıçı var. Biri
İlkindir. Seçimdə yerli qapıçını üstələdi. Və yoxlama oyundan sonra
buna əsas heyətdə oyuna icazə verdilər. İlkin Əhmədov da ilk
yazılan yetirmələrimdən biridir. Bir il Bakıda klubların birində,
ikinci dəstədə iştirak edib. 1 il Tbilisidə yerləşən idman
akademiyasında 2-ci liqada iştirak edib. Bu gün o, da
Polşadadır”, – Əhməd İsmayılov əlavə etdi.
Əhməd İsmayılov onu da qeyd etdi ki, 9 may tarixində onun daha iki
yetirməsi – 2001-ci il təvəllüdlü Rufan Babakişiyev və 2004-cü il
təvəllüdlü Rəşad Quliyev “Sivasspor” futbol klubuna gedəcəklər.
Onlar artıq ilk seçimdən çıxıblar. İndi onlar İstanbula gedərək,
ikinci seçmə mərhələdə iştirak edəcəklər.