Liza və Keti: Marneulili cüdoçu qızlar tərəfindən əzmlə aşılan maneələr (FOTO/VIDEO)
Qadınların idmana cəlb olunması problem olaraq qalır. İllər ərzində yanaşmalar dəyişir, lakin ictimai münasibət problem olaraq qalır. Stereotiplər, qorxu, damğalar – əksər hallarda qadınların idmanla məşğul olmasına mane olan hallar bunlardır.

“Women’s Sports Foundation”-ın apardığı araşdırmaya görə, qızların 14 yaşına qədər idmanı tərk etmə ehtimalı oğlanlara nisbətən iki dəfə çoxdur. Onların əsas maneələri qorxu, sosial stereotiplərin təzyiqi
və resurs çatışmazlığı ilə bağlıdır.

Bələdiyyələrdə vəziyyət daha ağırdır. Cüdo Marneulidə ən inkişaf etmiş idman növüdür, lakin bu idmanla daha çox kişilər məşğul olurlar.

Marneulili qızlar Liza Davadze və Keti Xarazişvili 11 yaşında bu qorxu və stereotiplərlə mübarizə aparmağa qərar veriblər.

Onlar Marneulidə bu idman növü ilə məşğul olmaq qərarına gələn ilk qadın cüdoçulardır. Onlar yerli və ya beynəlxalq səviyyəli yarışlarda iştirak edirlər. Qadın idmançılar indiyədək çoxsaylı mükafatlar qazanıblar.


14 yaşlı Liza Davadze deyir ki, onun bu idman növündə uğur qazanmasında ailə dəstəyinin böyük rolu olub.

“Motivasiyam atam idi, ona görə cüdo ilə məşğul olmaq istəyim yarandı. Maraqlanırdım ki, bu mənim idmanım olacaq, yoxsa yox? Bu idman növü ilə məşğul olmağım anamın da təşəbbüsü idi. O, da mənə dəstək oldu. Tanışlar tərəfindən həmişə stereotiplər olurdu, məsələn, “qız və cüdo?” – deyirdilər – “Yox, bu daha çox oğlan işidir”. Onlar mənim nəticələrimi eşidəndə əmin oldular ki, qızlarda cüdo yaxşı alınır. Mən hazırda öz çəkimdə Gürcüstan çempionuyam. Bu yaxınlarda Türkiyədə keçirilən Avropa yarışlarında iştirak etdim və orada ikinci yeri tutdum. İstəyirəm ki, mənim nəticələrim kiçik komanda yoldaşlarıma təsir göstərsin. Ümid edirəm ki, bir çox qızlar idmana maraq göstərəcəklər, çünki stereotiplər və qorxular həqiqətən yalandır, qızlar hər şeyi bacarırlar", – Liza Davadze bildirir.

 

Liza kimi 14 yaşlı Keti Xarazişvili də Marneulidə ilk qadın cüdoçudur. Keti bir neçə həftə əvvəl Riqada keçirilən Avropa oyunlarında bürünc medal qazanıb. O, cüdo ilə məşğul olmaqla bir çox stereotiplər yaradan qorxunun öhdəsindən gəldiyini deyir.

“Bu idman növü ilə məşğul olanda o qədər xoşuma gəldi ki, cüdoda görkəmli idmançılardan biri olmaq qərarına gəldim. Stereotiplər həm qohumlar, həm də dostlar tərəfindən yayılmışdı. Hətta anam da gileylənirdi, qızlar olmadığından mənim bu idman növündə nə etməli olduğumu başa düşə bilmirdi. Sadəcə Liza və mən idik, bunun qız işi olmadığını düşünürdülər. Mən buna çox fikir verməmişəm. Arzum o qədər böyük idi ki, onların fikrinin mənim üçün önəmli olmadığını düşündüm. Həmişə fikirləşirdim ki, niyə bizə bu sualı verirlər? Hər kəs istənilən idman növündə uğur qazana bilər. Bəziləri cüdoda, bəziləri rəqsdə – kimdə necə alınırsa”, – Keti deyir.

 

Liza və Ketinin nümunəsi bizə göstərir ki, dəstək, düzgün istiqamət, motivasiya olduqda qorxunu, stereotipləri dəf etmək olar. İndi Marneulidə 10 qız Liza və Ketinin yolu ilə gedir.

Keti və Lizanın məşqçisi Sandro İakobaşvili Marneuli İdman Məktəbində açılan cüdo dərnəyini genişləndirmək istəyir. O, deyir ki, onların məqsədi bu idman növünə mümkün qədər çox qız maraqlandırmaq və bələdiyyəyə böyük uğurlar gətirəcək qadınlardan ibarət komanda formalaşdırmaqdır.

 

“Qızın güləşdə nə işi var, qız güləşməməlidir” – bununla bağlı həmişə belə münasibət var. Düşünürəm ki, biz Marneulidə Liza və Ketinin nümunəsindən istifadə edərək bu stereotipləri qırdıq. Başdan məhz onların iştirakı ilə başladıq. Bu gün bu rəqəm 10-a yüksəlib. Məşqçi kimi Riqa oyunlarında Latviyada ilk dəfə idim. Şagirdinin ölkəsinin şərəfini qoruması məşqçi üçün ən böyük xoşbəxtlikdir. Biz bürünc medal qazandıq və bu mərhələdə bu, böyük uğurdur. Müvafiq təcrübəmiz yox idi, düşünürəm ki, növbəti dəfə daha çox qadın cüdoçu cəlb edəcəyik. Arzum odur ki, bir çox qızlar bu idman növünə qoşulsunlar, idman zalımız dolsun, qızlar isə ayrıca məşq etsinlər. Bu gün sayları az olduğuna görə bu mümkün deyil, amma ümid edirəm ki, qızlarla ayrıca komanda formalaşdırıb onların milli yığmada təmsil olunması istiqamətində çalışacağıq", – Sandro İakobaşvili bildirir.

Hüquq müdafiəçisi və “Freya” qadın hüquqları təşkilatının direktoru Keti Murğulia hesab edir ki, qızları idmana həvəsləndirmək üçün stereotiplərlə mübarizə üçün məlumat kampaniyalarının aparılması, eləcə də regionlarda qadınların, qızların idman fəaliyyətinin dəstəklənməsi üçün maliyyənin artırılması vacibdir.

 

“Qadın idmanına əsaslı dəstək və bərabər şəraitin yaradılması demokratik dövlətin mühüm məqsədi olmalıdır. Təəssüf ki, Gürcüstanda qadın idmançılar bir çox problemlərlə üzləşirlər, məsələn: ictimai damğalar və stereotiplər; Maliyyə çatışmazlığı, daha çox idmanda maliyyələşmənin kişilərin xeyrinə qeyri-bərabər olması ilə bağlıdır; Müvafiq infrastrukturun olmaması; cinsi ayrı-seçkilik və s. Qızlar arasında idmanın kütləviləşdirilməsi üçün məktəb səviyyəsində idman tədbirlərinin fəal şəkildə təşkili, təhsil siyasəti kontekstində qanunvericilikdə dəyişikliklər edilməsi də vacibdir. Həmçinin dövlət vətəndaş sektoru ilə birlikdə məktəblərdə şagirdləri uğurlu qadın idmançılar haqqında fəal şəkildə məlumatlandırmalıdır ki, bu da qızların idman nailiyyətləri baxımından motivasiyasını ikiqat artıracaq”.

İdman və fiziki fəaliyyətin əlçatanlığı beynəlxalq hüquq sənədləri ilə təmin edilmiş əsas insan hüququdur. Dayanıqlı İnkişaf Gündəliyinin on məqsədi və iyirmidən çox hədəfinə nail olunmasında idmanın rolu da etiraf edilmişdir. BMT Baş Assambleyası öz qətnamələrində idmanı təhsil, səhiyyə, inkişaf və sülh quruculuğu vasitəsi kimi tanıyır.

Amil Məmmədov və Tiko davadze

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google