Daştəpə kəndindən olan idmançı Honq Konqda keçirilən qol güləşi yarışda birinci yerə çıxıb (VİDEO)
13:45 / 08.04.2025
6 aprel tarixində Marneuli rayonunun Daştəpə kəndindən olan Elvin
Ediqarov Honq Konqda keçirilən qol güləşi üzrə beynəlxalq yarışda
birinci yeri qazanıb.
O, “Armwrestling” üzrə illik reytinq turnirində böyüklər arasında
keçirilən yarışda iştirak edib. İdmançı “Marneuli” radiosu ilə
söhbəti zamanı bildirdi ki, o, 90 kq çəki dərəcəsində yarışda
iştirak edib və bütün rəqiblərini məğlub edərək qələbə qazanıb.
“İki ay əvvəl idman zalında tanıdığım bir nəfərdən
eşitdim ki, Honq Konqda beynəlxalq qol güləşi yarışı keçiriləcək.
Mən də bu yarışda iştirak etmək qərarına gəldim və hazırlaşdım.
Yarışda beş rəqibim var idi. Hamısını məğlub etdim. Sonuncu rəqibim
isə Rusiyalı idmançı idi. Onu da məğlub edərək birinci yeri
qazandım və ölkəmi, Gürcüstanımızı yenə də bu yarışda
tanıtdım”.
Elvin əslən Marneuli rayonunun Daştəpə kəndindənir. Onun dediyinə
görə, o, hal-hazırda Çinin Makao şəhərində yaşayır və 10 yaşından
idmanla məşğul olur.
“Mən 10 yaşımdan idmanla məşğul oluram. İlk dəfə idmana
Rusiyanın Tümen şəhərində kikboksla başlamışam. 2003-cü və 2004-cü
illərdə orda kikboksinq üzrə birinci və ikinci yeri qazanmışam.
2010-cu ildə isə bodibildinqlə məşğul olmağa qərar verdim.
Hal-hazırda bodibildinqlə məşğul oluram. 2018-ci ildə Çinin Makao
şəhərində bodibildinq yarışı keçirildi. Mən də yarışdım və birinci
yeri tutdum. Ən son 2024-cü ilin 15 dekabr tarixində Çində
keçirilən bodibildinq üzrə beynəlxalq yarış oldu. O yarışda da
birinci yerə şıxdım. “Men's physique” bodibildinq kateqoriyasında
böyüklər arasında keçirilən bir yarış idi. Həmin yarışda 15 ölkədən
60-dan çox idmançı iştirak etmişdi”.
35 yaşlı idmançının sözlərinə görə, o, heç kimin dəstəyi olmadan
uğurlar qazanıb. O, çətinliklərə baxmayaraq beynəlxalq yarışlarda
iştirak edir.
“Başqa bir ölkədə qalib gəldiyim hissləri sözlərlə
ifadə edə bilmirəm. Amma onu deyə bilərəm ki, burda idmançılara çox
yaxşı dəstək var və onlara böyük hörmətlə yanaşırlar. Amma bizim
ölkədə bizə dəstək olan yoxdur. Bütün qazandığım uğurların hamısını
öz hesabıma əldə etmişəm. Özüm həm idmanla məşğul oluram, həm də
işləyib ailəmin ehtiyaclarımı qarşılamışam”.
Qeyd edək ki, Marneulili idmançı Elvin Ediqarov hal-hazırda Çində
idman zallarının birində məşqçi kimi çalışır.