Bakıda “Cənub Qaz Dəhlizi”nin rəsmi açılış mərasimi keçirildi
Bu gün, 29 may tarixində Bakıda “Cənub Qaz Dəhlizi”nin rəsmi açılış mərasimi keçirildi. Açılış mərasimində bir sıra yerli və xarici hökumət nümayəndələri iştirak edirdilər.

Açılış mərasimində iştirak edən Azərbaycan respublikasının prezidenti İlham Əliyev Cənub Qaz Dəhlizinə ilk qazın vurulmasını bildirən açarı işə salıb və Trans-Anadolu Boru Kəmərinə (TANAP) ilk qazın vurulmasına başlanılıb.

Enerji dəhlizi Gürcüstan və Türkiyə ərazilərindən keçərək, Azərbaycan qazının Avropaya verilməsini təmin edəcək.

Açılış mərasimi Bakının yaxınlığında yerləşən Səngəçal terminalında keçirilib.

Onu da əlavə edək ki, İyunun 12-də Əskişəhərdə TANAP-ın istifadəyə verilməsi ilə bağlı Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə rəsmi tədbir keçiriləcək.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi Cənubi Qafqaz Qaz Boru Kəmərinin (Bakı-Tbilisi-Ərzurum) genişləndirilməsi, həmçinin Türkiyədə Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəmərinin (TAP) tikintisi üzrə layihədir.

Dəyəri 40 milyard ABŞ dolları olan Cənub Qaz Dəhlizi layihəsi Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi çərçivəsində hasil ediləcək qazın boru kəmərləri ilə Türkiyə və Avropaya nəqlini nəzərdə tutur.

"Marneuli" Radiosu
Print