Patrul polisi narkotik maddələrin qanunsuz alıb-saxlanılması
ittihamı ilə Tbilisidə iki nəfəri həbs edib.
"Daxili İşlər Nazirliyinin Patrul Polis İdarəsinin Tbilisi Baş
Şöbəsinin əməkdaşları əməliyyat-istintaq tədbirləri nəticəsində
əvvəllər narkotik cinayətlərinə görə məhkum olunmuş və hazırda
şərti cəza çəkən 1981-ci il təvəllüdlü N.A.-nı və həyat yoldaşı
1980-ci il təvəllüdlü M.M-nı saxlayıblar. Onlar qanunsuz olaraq
külli miqdarda narkotik almaq və saxlamaqla günahlandırılırlar.
Törədilmiş cinayətə görə 20 ilədək və ya ömürlük həbs cəzası
nəzərdə tutulur.
Patrul polis qrupu, təqsirləndirilən cütlüyü Tbilisidəki Poniçala
qəsəbəsində hərəkət edərkən yoxlanılması üçün dayandırıb. İstintaq
hərəkətləri nəticəsində hüquq-mühafizə orqanları sübut kimi bir
neçə paket heroin və marixuana götürüblər", - deyə Daxili İşlər
Nazirliyinin açıqlamasında bildirilib.
Qurumdan verilən məlumata görə, hadisə ilə bağlı Gürcüstan Cinayət
Məcəlləsinin 260-cı maddəsinin 6-cı hissəsinin "A" bəndinə və
273-cü maddəsinin 5-ci hissəsinin "C" bəndinə əsasən külli miqdarda
narkotik və çoxlu miqdarda marixuananın qanunsuz olaraq alınıb
saxlanılması faktı üzrə istintaq aparılır.
წყარო: report.az