Osloda yerləşən İran İnsan Haqları təşkilatının məlumatına görə,
hadisələr zamanı ölkə boyu azı 342 nəfər öldürülüb, təqribən 14 min
insansa həbs edilib
İranın cənub-qərbindən olan 9 yaşlı Kian Pirfələk böyüyəndə
robototexnika mühəndisi olmaq istəyirdi. Ancaq o, noyabrın 16-da
Xuzestan əyalətinin İzeh şəhərində etiraz nümayişləri zamanı
hökumət qüvvələri tərəfindən öldürülüb.
Dövlət mediası Pirfələyin “terrorçu hücumu” nəticəsində
öldürüldüyünü deyir. Xəbərdə motosikletli silahlıların yeddi
nəfəri, o cümlədən hökumətin altı təhlükəsizlik əməkdaşını
öldürdüyü bildirildi.
Ancaq Pirfələyin anası hökumət qüvvələrinin dönə-dönə onların
maşınını atəşə tutduğunu, oğlunu öldürdüyünü, ərini isə
yaraladığını deyir.
Sosial mediada paylaşılan videoda uşağın anası Zeynəb Molaeirad
noyabrın 18-də oğlunun yasına gələn yüzlərlə insana müraciət edərək
belə deyir: "Mənim sözlərimə qulaq asın. Onların terrorçu olduğunu
deməyin, onlar yalan deyirlər”.
Bundan bir gün öncə isə Molaeirad “Instagram”da hökuməti
günahlandırırdı: "Sizə lənət olsun! Bunu necə edə bildiniz? Onun
cəmi 9 yaşı var idi. İyrənc İslam respublikası”, – o yazmışdı.
Pirfələk sentyabrda baş qaldıran etirazlar zamanı hökumətin amansız
hücumu nəticəsində öldürülən azı 43 uşaqdan biridir. Osloda
yerləşən İran İnsan Haqları təşkilatının məlumatına görə, hadisələr
zamanı ölkə boyu azı 342 nəfər öldürülüb, təqribən 14 min insansa
həbs edilib.
Son günlərdə Xuzestan əyalətində daha iki oğlanın – 14 yaşlı Sepehr
Mağsudi və 14 yaşlı Artin Rəhmaninin öldürüldüyü bildirilir.
Hökumətin məcburi baş örtüsü qaydasına etiraz kimi başlayan
hadisələr böyüyərək İranın 1979-cu ildən bəri hakimiyyətdə olan
dini istəblişmentinə qarşı ən böyük hərəkatlardan birinə
çevrilib.
Pirfələyin ölümü iranlılar arasında daha böyük qəzəbə səbəb olub.
Uşağın yası zamanı insanlar Ali dini lider Əli "Xameneyiyə ölüm"
şüarını səsləndiriblər.
Başqa bir videoda isə Tehranda bir magistral yolda etirazçıların
üzərində Pirfələyin şəkli və "uşaq qatili hökumət” sözləri yazılan
bayraq yellədiyini görmək olur.
"Bu pak uşaqların ahı sizi tutacaq”, – Oskar mükafatlı İran
rejissoru Əsğər Fərhadi “Instagram”da yazıb.
Aktrisa Həngamə Ğaziani isə hökumət rəsmilərini riyakarlıqda
suçlayıb. "Siz fələstinli uşaqlara qarşı qəddarlıqlardan
danışırdınız. Ancaq sizin adınız tarixə uşaq öldürən rejim kimi
düşəcək”, – deyə Ğaziani “Instagram”da yazıb.
Ötən ay “Amnesty International” hökumət qüvvələrinin “ölkə
gənclərinin müqavimət ruhunu məhv etmək və hakimiyyət üzərindəki
nəzarəti nəyin bahasına olursa-olsun saxlamaq üçün” uşaqları “tam
cəzasızlıq şəraitində” öldürdüyünü bildirib.
İran gəncləri və qadınları sentyabrda baş qaldıran bu etirazların
ön sıralarında olublar. Bu etirazlar İran cəmiyyətinin bütün
zümrələrinin, o cümlədən tələbə, idmançı, sənət adamları və
fəalların dəstəyini qazanıb.
Etirazlara 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən
saxlanandan sonra vəfat etməsi səbəb olub. Gənc qadının guya hicabı
düzgün bağlamadığına görə saxlandığı, bu zaman döyüldüyü
bildirilir.
Ölkə rəsmiləri etirazları düşmənlərin, o cümlədən ABŞ və İsrailin
"oyunu" adlandırırlar. Onlar həmçinin nümayişlər zamanı törədilən
dəhşətli qırğınlara görə ölkə daxilindəki və xaricindəki silahlı
qrupları və separatçıları günahlandırırlar.