Slovakiyada baş nazir Fitsoya atəş açılıb, vəziyyəti ağırdır
23:45 / 15.05.2024
Slovakiyada ölkənin baş naziri Robert Fitsonun həyatına qəsd
edilib, o, xəstəxanaya yerləşdirilib. Polis atəş açan şəxsi
saxlayıb.
Fitsoya qarşı sui-qəsd Slovakiya hökumətinin səfər iclasının
keçirildiyi Handlova şəhərində baş verib. Görüş başa çatdıqdan
sonra Baş nazir Mədəniyyət Evinin binası yaxınlığında toplaşanların
yanına çıxıb və daha sonra izdihamdan bir neçə güllə səsi
eşidilib.
Polis tez bir zamanda Fitsoya sui-qəsddə şübhəli bilinən şəxsi
saxlayıb.
Baş nazirin özü helikopterlə Bratislavaya aparılıb. Həkimlərin
dediyinə görə, Fitso döş qəfəsindən və mədəsindən bir neçə yara
alıb, vəziyyəti ağır qiymətləndirilir.
Reuters hospitalda olan nümayəndəsinə istinadən bildirir ki,
həkimlər Fitsonun çatdırıldığı an ayıq olduğunu və hal-hazırda
vəziyyətinin sabitləşdirildiyini deyirlər. Baş nazirin rəsmi sosial
media hesabında Fitsonun "həyatına təhlükə yaradan xəsarət aldığı,
onun əməliyyatı keçiriləcəyi və növbəti bir neçə saat ərzində hər
şeyi aydınlaşacağı" qeyd edilir.
Slovakiya prezidenti Zuzana Çaputova baş nazirə qarşı "qəddar və
ağılsız" hücumu kəskin şəkildə pisləyib. "Mən şokdayam. Mən Robert
Fitsoya bu kritik məqamda hücumun öhdəsindən gəlmək üçün güc
arzulayıram", prezident bildirib.
Yerli mətbuatın bildirdiyinə görə, Slovakiya hökuməti və parlamenti
təcili toplantı keçirəcək və ölkənin baş naziri vəzifəsini
müvəqqəti icra edəcək şəxsin namizədliyini müəyyən edəcəklər.
Fitso nə ilə tanınır?
Robert Fitso 2023-cü ilin payızında Slovakiyada keçirilən
seçkilərdə partiyası "İstiqamət - Sosial Demokratiya" qalib
gəldikdən sonra üçüncü dəfə baş nazir olub.
2018-ci ildə Fitso iki dəfə hökumət başçısı vəzifəsindən istefa
edib - Korrupsiya əleyhinə nümyişlərdən sonra və Slovakiyada
araşdırmaçı-jurnalist Yan Kusiakın qətlindən sonra.
Fitso dəfələrlə Ukrayna əleyhinə və Rusiyameylli bəyanatlar
səsləndirib və Ukraynaya hərbi yardımın göstərilməsinə qarşı çıxıb.
2023-cü ildə onun tərəfindən yeni formalaşdırılmış hökumət
Ukrayanaya 40,3 milyon dollarlıq hərbi yardım təqdim edilməsindən
imtina edib və bildirib ki, bundan sonra Slovakiya Ukraynaya yalnız
humanitar yardın göstərəcək.