Qardabanili gənc şair, yazıçı “İlin hekayəsi” müsabiqəsində iştirak edir
Qardabanili gənc şair, yazıçı Azər Musaoğlu Kulis.az-ın elan etdiyi “İlin hekayəsi” müsabiqəsində iştirak edir. O, müsabiqəyə özünün qələmə aldığı “İtburnu” hekayəsini təqdim edib. Hal-hazırda onun hekayəsi 20-liyə düşüb.

Azər Musaoğlu “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, ötən il də həmin müsabiqədə iştirak edib.

“Artıq iki ildir ki, “Kulis.az” saytının keçirdiyi “İlin hekayəsi” müsabiqəsinə qatılıram. Ötən il “Hacı Qara” adlı hekayə ilə yarışda iştirak etmişdim. Amma qalib ola bilmədim. Bu il mənim qələmə aldığım “İtburnu” hekayəm 128 hekayə arasından 20-liyə düşüb”.

Yarışmaya Gürcüstandan təkcə Azər Musaoğlu qatılıb. Onun sözlərinə görə, hər zaman bu cür müsabiqələr elan olunanda qoşulur.

“Ədəbiyyat saytlarını izləyirəm. Müsabiqə elan olunanda mən də hekayə göndərirəm. Əlbəttə, ədəbiyyatla bağlı müsabiqələrdə iştirak etməyi həmişə düşünmüşəm və əlimdə hazır mətn olanda bunu edirəm. Müsabiqəyə həmişə qalib olmaq üçün qatılıram, buna iddialı olmasam, qatılmaram”.

Musaoğlu ümid edir ki, “Kulis.az”-ın elan etdiyi “İlin hekayəsi” müsabiqəsinin qalibi olacaq. Ona dəstək olmaq üçün linkə daxl olun.

Qeyd edək ki, Azər Musaoğlu əvvəllər Heydər Əliyev adına Tbilisi Dövlət Dram Teatrının aktyoru olub. 2020-ci ildə bir neçə aktyor və direktor müavini ilə birlikdə işdən uzaqlaşdırılıblar. O, hal-hazırda “Yeni Yol” qəzetinin redaktorudur. Azər Musaoğlu bir sıra şeir və hekayələrin müəllifidir.

Onu da əlavə edək ki, “İlin hekayəsi” müsabiqəsində 128 hekayə iştirak edir. Münsiflərin hekayələri qiymətləndirməsi mərhələsi artıq başa çatıb. Bütün hekayələr “Kulis.az” saytının “İlin hekayəsi” bölməsində yayımlanıb. Onlayn səsvermə ilə oxucular bəyəndikləri hekayəyə səs verə bilərlər. Ən çox oxucu səsini toplayan hekayə xüsusi mükafata layiq görüləcək.

Mükafatlar:
  • – I yerin qalibi – Noutbuk və xüsusi hədiyyələr;
  • – II yerin qalibi – Smartfon və xüsusi hədiyyələr;
  • – III yerin qalibi – Poketbuk (planşet) və xüsusi hədiyyələr
  • – “Kulis.az” oxucuları tərəfindən seçiləcək hekayənin müəllifi isə smart saat və xüsusi hədiyyələrlə mükafatlandırılacaq.
Müsabiqə “İrşad” şirkətinin baş sponsorluğu, Azərbaycan Mədəniyyət Nazirliyinin Kürdəmir Regional Mədəniyyət İdarəsinin, “LIBRAFF” kitab mağazaları şəbəkəsinin və “Pintravel” şirkətinin sponsorluğu ilə təşkil olunur.

Onlayn səsvermə dekabrın 26-na kimi davam edəcək. Qalibin adı 26 dekabr saat 18-00 da Bakı şəhərində fəaliyyət göstərən “Libraff” kitab mağazalar şəbəkəsində (Elmlər filialı) keçiriləcək mükafatlandırma mərasimində açıqlancaq.

Print Email
FaceBook Twitter Google