Bu gün Azərbaycanlı milyonçu, müsəlman Şərqində ilk qızlar
məktəbinin yaradıcısı Hacı Zeynalabdin Tağıyevin doğum
günüdür.
Hacı Zeynalabdin Tağıyev 1823-cü ilin 25 yanvar tarixində Bakıda
kasıb başmaqçı ailəsində anadan olub. Anası Ümmü xanım
Zeynalabdinin 10 yaşı olanda vəfat edir. Kiçik Zeynalabdin
uşaqlıqdan təmkinli və zəhmətkeş idi. On yaşında atası onu bir
bənnanın yanına usta köməkçisi işinə düzəldir. 12 yaşına çatanda o
artıq daş yonurdu, 15 yaşında ikən bənnalıq etməyə başlamışdı. Bir
müddətdən sonra tikinti ustası və təşkilatçısı kimi tanınmağa
başlayır.
Müəyyən qədər vəsait toplayaraq Tağıyev artıq 20 yaşında ev
tikintisi və daşyonma işləri təşkil edir. Özünün sonradan tikinti
işlərinə də şəxsən nəzarət edirdi. Tikdirdiyi binalarda, məsələn,
özünün yaşadığı binada və şəxsən açdırdığı qızlar gimnaziyasının
binasında onun dəsti-xətti hiss edilir. Sonradan o özünü ticarətdə
və yüngül sənayedə də sınayır. Hər ikisində qabiliyyəti ilə uğur
qazanır, dükanlara sahib olur.
1873-cü ildə iki nəfərlə şərik olub Bibi Heybətdə icarəyə yer
götürür. Avadanlıq alır, usta və fəhlələr tutur, buruq qurdurub
quyu qazdırmağa başlayır. Günbəgün xərc artır, neft isə görünmür.
Şəriklər ümidlərini itirir öz paylarını satmağa müştəri axtarırlar,
axırda Hacı özü onların pulunu verib buruğa və yerə yiyələnir. İş
daha da ağır gedir. Nəhayət, quyu gözlənilmədən fontan vurur.
Başmaqçı Tağının oğlu palçıqçı Zeynalabdin dönür olur milyonçu
Tağıyev. Üç ilə şəhərin mərkəzində böyük bir saray tikdirir.
Hacı Zeynalabdin Tağıyev iki dəfə evlənib. Onun birinci arvadı öz
əmisi qızı Zeynəb xanım idi. Zeynəb xanımdan Hacının iki oğlu, bir
qızı olmuşdu. Oğlanları: İsmayıl, Sadıq və qızı Xanım.
İkinci arvadı məşhur general-leytenant Balakişi bəy Ərəblinskinin
qızı Sona xanım idi. Məhz Sona xanımla evlənməklə Hacı Zeynalabdin
Tağıyev öz oğlu ilə bacanaq olmuşdu. Belə ki, general Ərəblinskinin
iki qızından böyüyü Hacının oğlu Sadığın arvadı idi. Hacı oğlugildə
olarkən, kiçik bacı Sonanı görüb, bəyənmiş və onunla
evlənmişdi.
Bəzi mənbələrin məlumatlarına görə, Sona xanım Ərəblinski
H.Z.Tağıyevdən çox cavan olduğundan, aradakı yaş fərqini azaltmaq
məqsədilə milyonçu özünü sənəddə “cavanlaşdırmaq” qərarına gəlir və
doğum tarixini dəyişdirtdirir.
Sona xanımla evlilikdən onların Leyla, Sara, Sürəyya, Məhəmməd və
İlyas adlı övladları dünyaya gəlir. Məhəmmədin qısa həyatı faciəli
sonluqla bitir. Hacı əvvəlcə, cəmi 18 yaşı olan oğlu Məhəmmədi
evləndirmir. İstəyir ki, oğlu həyatın çətinliklərini öyrənsin. O da
atasının sözündən çıxmır. Anası nə qədər etiraz etsə də o zaman
yeganə hərbi birlik olan Lənkərandakı “Vəhşi diviziya”ya yazılır.
Bununla da, ömrünün faciəsini hazırlayır. Cavan zabitlər tapançanın
topunda bir güllə saxlayıb lüləni gicgahlarına tuşlayaraq topu
fırladıb çaxmağı basmaqla bəxtlərini yoxlayırdılar. Hacı
Zeynalabdin Tağıyevin Lənkərandakı “Dikaya dviziya”nın qoşun
hissəsində xidmət edən oğlu Məhəmməd bu yolla bəxtini yoxlayanda
tapança açılmış, onu öldürmüşdü. İlyas isə xəstəliyə tutularaq
vəfat edir.
Hacı Zeynalabdin Tağıyev XIX əsrin sonu XX əsrin əvvəllərində neft
dalğası ilə yüksələn Azərbaycanın tanınmış və hörmətli neft
maqnatlarından biri olub. O, hədsiz ictimai, maarifçilik və
xeyriyyəçilik fəaliyyəti ilə əsl ümumxalq sevgisini qazanıb. Bu
mərhəmətli şəxs fövqəladə müdrikliyi, parlaq diplomatik bacarığı və
çox güclü şəxsi keyfiyyətləri fərqlənib.
H. Z. Tağıyev sağlığında inqilabdan öncəki Bakının işgüzar
həyatında mühüm yer tutan bütün etnik qruplar arasında inkaredilməz
nüfuza malik idi. Təsadüfi deyil ki, o zaman Bakıda fəaliyyət
göstərən müsəlman, rus, erməni və yəhudi xeyriyyə cəmiyyətləri
Tağıyevi özlərinin fəxri sədri seçmişdi.
Sankt-Peterburq Texnoloji İnstitutunda mühəndislik peşəsi üzrə
təhsil alan Lütfəli bəy Behbudovla Tağıyev arasında dövrün
səs-küyünə səbəb olan məhkəmə işi baş verib. Topçubaşovun tövsiyəsi
ilə Tağıyev bu gəncə sponsorluq etməyə razı olur və 1904-cü ildə
məzun olduqdan sonra Behbudov öz havadarının yanında işləmək üçün
Qafqaza qayıdır. O, öz sahəsində tezliklə yüksəlir və Tağıyev
özünün biznes imperiyasının əhəmiyyətli bir hissəsini, o cümlədən
zavod, vətəgə, dəyirman, fabrik və hətta şəxsi evlərinin
idarəçiliyini də Behbudova həvalə edir. Lakin bir müddət sonra
Tağıyev Behbudovu evinə çağırır və onu arvadı Sona xanıma
yaxınlaşmaqda ittiham edib altı nəfərə döydürür. Bu altı nəfər
Tağıyevin qohumları və rütbəli şəxslər olur. Behbudov şərəf və
ləyaqətini qorumaq üçün məhkəməyə müraciət edir.
Tağıyevin növbəti qarşıdurması isə dövrün ən məşhur aktyoru Hüseyn
Ərəblinski olub. Deyilənlərə görə Ərəblinskinin də Sona xanımdan
xoşu gəlib və Sona xanım aktyora həm maddi, həm də mənəvi yardımlar
edib. Ərəblinskinin yaxın qohumu tərəfindən mütriflikdə
günahlandırılaraq qətl olunmasında Tağıyevin əl izlərinin olduğunu
deyənlər də az deyil.
Sovet Rusiyasının 28 aprel 1920-ci ildə Azərbaycanı işğal etməsi
ilə vəziyyət kökündən dəyişir. İnsanların mülkiyyəti əlindən
alınır, milli kadrlar və ziyalılar təqib edilməyə başlanır, hər şey
Rusiyanın maraqlarına yönəlir. Tağıyev də məhz o vaxt bütün
var-dövlətini itirir. Bir sözlə, Sovet Hökuməti H.Z.Tağıyevin bütün
şəxsi mülkünü müsadirə edir.
Yerli əhalinin xahişi ilə yeni hakimiyyətin rəhbərlərindən biri
olan Nəriman Nərimanovun göstərişi ilə Tağıyevə yaşayış yeri seçmək
hüququ verilir. Hacı Mərdəkandakı evini seçir və ömrünün sonuna
qədər orada yaşayır.
Hacı Zeynalabdin Tağıyev 1924-cü il sentyabırın 1-də, axşam
səkkizin yarısında, 101 yaşında vəfat edib və sentyabrın 4-də dəfn
olunub. Onun dəfni böyük izdihamla müşayiət olunub.
N.Nərimanovun köməkliyi ilə Bakının "Kommunist" və "Bakinskiy
raboçiy" qəzetlərində onunla bağlı nekroloq çap edilib.
Hacını özünün vəsiyyətinə əsasən, Bakının tanınmış axundu Molla
Abuturabın ayağının altında dəfn ediblər. Bəzi məlumatlara görə,
onun istəyinin səbəbi bu cür izah edilir ki, H.Z.Tağıyevin Molla
Abuturabla son görüşü zamanı o, Hacının var-dövlətin itirilməsi ilə
bağlı sualına cavab olaraq belə demişdi:
“Əgər Allah
istəsə, bir göz qırpımında səni dövlətindən məhrum edər. Ona görə
də əbədi olanı çox düşün ...”.
Hacı Zeynalabdin Tağıyevin ölümündən sonra arvadı Sona xanım da
vəfat edir. Qızı Sara xanım isə sonralar çox əzab-əziyyətlər görür.
Valideynlərinin vəfatından sonra Sara xanım Rusiyanın Leninqrad
şəhərinə köçür. Orada milliyətcə tatar olan Nikolay Sarayevlə
evlənir və iki uşaqları doğulur. İkinci dünya müharibəsi başlayanda
Nikolay cəbhəyə gedir, 1942-ci ildə ölüm xəbəri gəlir. Sara iki
övladını da götürüb Bakıya qayıdır... Amma vətəndə çox çətin həyat
sürür, övladlarını internata verməyə məcbur olur. Sara Tağıyeva
1991-ci ilin dekabrın 15-də ehtiyac içində dünyasını dəyişir. Hacı
Zeynalabdin Tağıyevin nəslinin davamçıları - nəticələri hazırda
Amerikada yaşayırlar.