Boğaz ağrılarında istifadə etdiyimiz ən mühüm müalicə üsullarından
biri limon suyu ilə qarqara etməkdir. Bu, necə edilir?
Marneulifm.ge mütəxəssislərin bu barədə söylədiklərini diqqətinizə
çatdırır:
* Bir stəkan ilıq suya təxminən yarım ya da bir bütöv limon
sıxılır. Bununla gündə 3-4 dəfə qarqara edilir.
* Boğaz ağrısı üçün digər üsul xüsusilə təbii, qarışıqsız alma
sirkəsinə batırılmış əski boğaza bir dəsmalla bağlanılır. Bunun
həqiqətən çox faydası var. Digər tərəfdən, yaxşı olar ki, xəstənin
ayaqları da sirkəli suya batırılmış əskiyə qoyulsun, istilənənə
qədər orada qalsın, sonra götürülsün, ayaqlar qurulanaraq
örtülsün.
* Boğaz ağrısı üçün gözəl üsullardan biri də çay qaşığının ucunda
sarıkök (zerdeçal), zəncəfil tozu və çox az qara bibəri bir yemək
qaşığı zeytunyağı ilə qarışdırıb içmək. Xüsusilə qrip və ya angina
dediyimiz tonsillit xəstəliklərində boğaz ağrısını rahatladan gözəl
bir qarışıqdır.
* Boğaz iltihabında tətbiq olunan faydalı bitki müalicələrindən
biri də torpaqdan təzə çıxan çuğundurun suyu ilə qarqaradır.
* Hər iki saatda bir boğazın çöl tərəfinə kələm yarpağı sarımaq da
boğaz ağrısını yüngülləşdirir.
* Duzlu su ilə qarqara etmək də boğaz ağrılarını rahatladan təbii
üsullardan biridir. Bir stəkan soyuq suda bir çay qaşığı duzu
əridib qarqara edirik. Amma bu duzlu su ilə qarqara uşaqlar deyil,
yetkinlər üçün tətbiq olunan bir üsuldur.
* Şalfey (adaçayı) bitkisi boğaz ağrılarında xüsusi bir yerə
malikdir, soyuqdəymə, qrip və badamcıq infeksiyasında çox
rahatlıqla istifadə edilir, diş əti, damaq və boğaz iltihablarına
qarşı da çox təsirlidir. Şalfey həm qarqara edilə bilir, həm də
ayrıca çay kimi də içilir. Tənəffüs sisteminə rahatlaşdırıcı təsir
göstərir.
Şalfeylə bağlı el arasında maraqlı bir deyim var: "Əgər həyətində
şalfey əkmisənsə, nə gərək var ölməyə".
13-cü əsrdən istifadə edildiyi məlum olan şalfey bitkisinin elmi
dildə - botanikada adı “salvia”, latınca “salvere”dir ki, mənası
“qorumaq”, “mühafizə etmək” deməkdir.
Misirlilərin doğuşu artırmaq üçün istifadə etdikləri şalfey ilə
antik yunan və Roma dövrü insanları əti qoruyurdu.
Qurudulmuş şalfey otu və yarpaqlarının yandırılıb tüstüsünün evə,
otaqlara verilməsi ilə isə dezinfeksiya edirdilər.
Qədimdən indiyə qədər gələn belə bir inanc da var ki, şalfeyi
dəmləyərək çayını içən adam belə asanlıqla xəstə olmaz.
Bu gün daha çox soyuqdəymə, qrip, boğaz ağrıları, səs batmasına
qarşı istifadə edilən şalfey həm də depressiya, yaddaş itkisi,
xərçəng və ürək narahatlıqlarına qarşı bir qoruyucudur.
Şalfey orta əsrlərdə vəbaya qarşı immunitet qazandıran "Dörd oğru
sirkəsi" tərkibində də istifadə edilib.
“Dörd oğru sirkəsi” adını tarixi bir hadisədən alıb. 14-cü əsrdə
indi Fransaya aid Marsilya şəhərində vəba epidemiyası yaşanır.
Epidemiya bütün Avropanı bürüyür və o dövrdə o coğrafiyada 25
milyon insanın ölümünə səbəb olur. Dörd oğru isə vəbadan ölənlərin
kəndlərindəki ev və dükanları soyur, ancaq bu xəstəliyə tutulmur.
Bir gün bu oğrular vəbadan ölən qurbanlarını soyarkən cinayət
başında yaxalanır. Haqlarında edam cəzası veriləcək, ancaq vəba
xəstəliyindən necə qurtulduqlarını söyləsələr, əfv olunacaqlar.
Onlar da bir sirkə ilə əllərini yuduqlarını və həm də bu sirkə ilə
qarqara etdiklərini deyirlər. Oğrular əfv edilərək küçələrdə bu
sirkənin hazırlanmasını insanlara göstərmələri qarşılığında
buraxılırlar.
O zamandan bəri əsrlərdir “Dörd oğru sirkəsi” adı ilə tanınan,
içinə şalfey bitkisi də qatılmış sirkə bir çox xəstəliyin
müalicəsində istifadə olunur. Soyuqdəymə və qripdə, boğaz və
badamcıq ağrılarında, səs batıqlarında, hətta kovid
infeksiyalarında belə şalfey məsləhət görüləsi ən faydalı
bitkilərdəndir və Anadolu torpaqlarında qədimdən bəri çox sıx
istifadə edilir.
Saglamolun.Az