“Çelsi” Premyer Liqanın yaranmasından bəri vergidən öncə 1 milyard
avrodan çox zərərə düşən ilk klub olub.
Ötən maliyyə ili üçün təqdim olunan hesabatlara görə, London klubu
2021/2022 mövsümündə ümumi dövriyyəsinin 547 milyon avrodan çox
olmasına baxmayaraq, 138,1 milyon avro itirib.
2020/2021 mövsümündə “zadəganlar” 175 milyon avro itki ilə
üzləşiblər. Lakin bu rəqəm qismən koronavirus pandemiyasının
yaratdığı böhranla izah olunub.
Cari mövsümə gəlincə, itkilər bu dəfə də əhəmiyyətli ola bilər.
Belə ki, “Çelsi” artıq transferlərə 600 milyon avrodan çox
xərcləyib və öz oyunçularının satışından isə cəmi 60 milyon avro
qazanıb.
Bildirilir ki, maliyyə pozuntularına görə sanksiyalardan qaçmaq
üçün klub bu yay oyunçularını kütləvi şəkildə satmalı olacaq. Belə
ki, İngiltərə çempionatının reqlamentinə görə, klubun illik itkisi
ardıcıl üç il ərzində 120 milyon avronu keçə bilməz.
Mənbə: oxu.az