Bir çox digər texnologiyalar kimi süni zəkanın da qaranlıq tərəfi
var.
Məsələn şifrələrin təxmin edilməsi üçün nəzərdə tutulmuş PassGAN
adlı neyron şəbəkəsi şifrələrin 51%-ni 1 dəqiqə ərzində düzgün
şəkildə təyin edə bilir. Şifrələrin 71%-nin düzgün təyin edilməsi
üçün isə neyron şəbəkəsinə cəmi 1 gün vaxt lazımdır.
Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən Home Security
Heroes şirkətinin tədqiqatı məhz bu cür nəticələr verib.
PassGAN adlı neyron şəbəkəsi 15 milyon ədəd şifrəni özündə
birləşdirən məlumatlar bazası əsasında təlimatlandırılıb. Neyron
şəbəkə öz unikal çalışma mexanizmi sayəsində şifrələrin 51%-ni 1
dəqiqə ərzində, 65%-ni 1 saat ərzində, 71%-ni 1 gün ərzində, 81%-ni
isə 4 həftə ərzində hack edə bilir. PassGAN-ın əsas fərqləndirici
özəlliyi ondan ibarətdir ki, o, real şifrələrin real məlumat
sızıntılarında paylanmasını avtomatik şəkildə analiz edir. Bu cür
neyron şəbəkənin kiberhücumundan qorunmaq mümkündür.
Sadəcə olaraq əsas təhlükəsizlik tədbirlərini yerinə yetirmək
lazımdır. Belə ki, istifadəçi bu və ya digər hesabı üçün şifrə
tərtib edən zaman tərtib edilən şifrə minimum 12 simvoldan, böyük
və kiçik hərflərdən, rəqəmlərdən və xüsusi simvollardan (@, -, ? və
s.) ibarət olmalıdır. Xüsusi simvolların bütün növlərinə sahib 18
simvollu şifrə süni zəka tərəfindən təyin edilə biliməyən şifrə
kimi qiymətləndirilir. Bu cür şifrənin təyin edilməsi üçün müasir
sistemə 6 kvadrilyon il vaxt lazım olar.