İnsanabənzər robotlar test edilib
Britaniyalı alim Alan Türinq 1950-ci ildə kompüter intellektini
qiymətləndirməyə imkan verən test təklif edib. Bu metod indiyə
qədər süni intellekt üzrə mütəxəssislər arasında populyar olsa da
onların bəziləri əmindirlər ki, metod tamamlanmalıdır.
Türinqin testi süni insan üçün deyil, süni beyin üçün nəzərdə
tutulmuşdu. Artıq XXI əsrdə insanabənzər robotlar meydana çıxdıqdan
sonra robotu insandan ayırmağa imkan verən yeni metoda ehtiyac
yaranıb.
Bu məqsədlə zahiri görünüşü, hərəkətləri, səsi və androidin
intellektini eyni anda qiymətləndirən “multimodal Türinq testi”
hazırlanıb.
Təklif edilən yanaşma süni intellektin insanabənzər robota nə
dərəcədə inteqrasiya olunduğunu, insandan fərqlənməyən robot
yaratmağın mümkünlüyünü göstərəcək. Metod hər biri əvvəlkidən daha
mürəkkəb olan dörd mərhələdən ibarətdir. İlk mərhələdə android
hərəkətsiz vəziyyətdə həqiqi görünməli, ikincisi hərəkət etməli,
üçüncüsü nitqi mükəmməl təqlid etməlidir.
Nəhayət, dördüncü mərhələdə robotun süni intellekti
qiymətləndirilir. Androidin bu dörd mərhələni keçməsi onun insandan
fərqlənmədiyini sübut edəcək.