Gürcüstan
Milli Parlament Kitabxansının direktoru və eyni zamanda tanınmış
gürcü şairi Georgi Kekelidzenin yazdığı "Sənə məktublar" adlı
yazısı, Neli Məmmədova tərəfindən tərcümə olunaraq, Azərbaycanda
fəaliyyət göstərən və bir sıra şairlərin, yazıçıların əsərlərinin
yer aldığı Azərbaycan Yazıçılar Birliyinin "Ədəbiyyat Qəzetində"
dərc olunub.
Tanınmış gürcü şairi Georgi
Kekelidze "Sənə məktublar" adlı yazısında sevgi haqqında danışıb.
Şair yazısında sevgini fərqli başlıqlarla öz oxucularına izah edib
bunlara "Əbədi sevgi anatomiyası", "Sevgi riyaziyyatı", "Sevginin
sükutla izahı və ya sükutun sevgi ilə", "Elçilik-İlin fəsilləri",
"Sevginin başqa dərsi", "Sevgi təlimatları", "Sevgi gizlənpaçı",
"Sevgi coğrafiyası", "Sevgi yaşsızlığı" daxildir.
Əbədi sevgi anatomiyası
Əgər mənim əlimin uzandığı qədər
yaxın deyilsənsə, əgər gözlərimi uzatdığım yerlərdə səni tapa
bilmirəmsə - o zaman, mütləq, düşüncələrimin uzandığı yerlərdəsən.
Çünki düşüncə baxışları çox uzun olur. Günəş işığına bənzəyir. O,
mən öləndən sonra da qalacaq və çox güman ki, sən də həmişəlik onun
içində yaşayacaqsan. Görünür, əbədi sevgi məhz belə olur - hər
ikimizi yer üzündə yox, düşüncələrin içində bağlayıram və o, bizsiz
əsrlərin üzərindən uçub gedir.
Sevgi riyaziyyatı
Sevgi riyaziyyatı qeyri-dəqiqdir.
Məktəb binasının divarına yazılan sadə "bu + o = sevgi" formulunun,
zaman, bəzən üzvünü, bəzən da cavabını dəyişir. Buna görə də heç
kəs, hələlik, sevgi dərsliyini yaza bilməyib. Əgər yazıbsa da,
ikinci ili artıq yararsızdır. Yaxud da qəhrəmanları Romeo və
Cülyetta ilə həmyaşıd olduqları zaman öldürüb və bununla, az da
olsa sinik formada bizlərə demək istəyib ki, sevgi, o zaman
əbədiləşir ki, o zirvədə olduğu zaman, onu ölüm yaxalayır. Hə, 30
yaşında Romeo, çox güman ki, Hamletə bənzəyərdi.
Buna görə də formulları pozmalıyıq.
Daha dəqiq desəm, yalnız mən və sən qalmalıyıq, həm də, yalnız
üstəgəl işarəsilə. Bizim nəyə bərabər oluğumuz barədə qoy zaman baş
sındırsın - sabah, birisigün və sonrakı günlər...
Sevginin sükutla izahı və ya sükutun sevgi ilə
Sözləri yonub çardağa yığıram. Qış
üçün tədarük görürəm. Hələ ki, yenə də bahardır - sükut da bəs
edir. Oturmuşuq, biri-birimizə yox, uzaqlara baxırıq və o uzaqlarda
daha aydın görürük bir-birimizi - yəqin sevgi də elə budur. Belə
sükutla və çox sadə açırıq bir-birimizin - hisslərimizin üstündən
bağları, düşüncələrimizin üstündən sehri - sonunda isə sevgimizi.
Kölgələrimizlə biri-birimizə söykənib bu böyük sükutu dinləyirik,
öyrənirik ki, sonra haradasa bir-birimizə əzbər deyə bilək.
Sonra... qış üçün, sözləri yonub çardağa yığıram. Çardaqda
saxlayıram.
Elçilik. İlin
fəsilləri
Sənin gözlərinin baharına
gecikmişəm, onlar yaşıllaşdığında başqa küləklər əsdirirdilər. Mən
bir az gec gəldim, amma başqasının izi ilə yox, tamamilə başqa
yollarla gəlmişəm və istəyirəm, bir az tez, gələcək üçün düşündüyüm
qərarı sənə təkrarlayım: Sənin yaşıl gözlərinin payızı olmaq
istəyirəm- istəyirəm, qışda birlikdə ölək.
Sevginin
başqa dərsi
Müəllim, sinifdən çıxanda dərsi
köçürürük. Sən mənim ürəyimin döyüntüsünü oxuyursan və nəfəsinlə
mənə danışırsan. Mən sənin nəfəsini əzbərləyirəm - sənə geri
qaytarıram - bu o deməkdir ki, eyni cür və həyəcanla nəfəs alırıq.
Bu o deməkdir ki, - sevgi dərslərində çətinlik çəkmirik, çünki
hissləri elə dəqiq köçürmüşük ki, bəlkə kiməsə nümunə kimi lazım
olar...
Sevgi təlimatları
1. İnanma ki, sənin üçün gecələr
yuxu gəlmir gözümə.
2. İnanma ki, həmişə buludlarda
yaşayacağıq.
3. İnanma ki, sevgim göylərə
çatır.
4. İnanma ki, məndən getsən intihar
edərəm.
İnanma, çünki sevirəm.
1. Sevgi yuxuya bənzəməlidir, yatıb
oyanmayasan. Həm də yol azuqəsi üçün yuxuları birgə yonmalıyıq.
Buna görə də, sənin üçün gecələr yuxusuz qalmıram.
2. Sevgi, torpaq üstünə
atılmalıdır, torpaqla nəfəs almalıdır, yoxsa bir gün yanımızdan
keçib, artıq bizi tanımayacaq, ətrimizi ala bilməyəcək - bizi -
torpaqdan yoğrulmuş varlıqları. Bu səbəbdən də, həmişə buludlarda
yaşamayacağıq.
3. Sevgini, necə ölçə
bilərsən?
Addımlarla hesabladığın
zaman.
Addımlarla hesablayırsan və çatana
qədər dizin qatlanır.
Buna görə də, onun uzunluğunu heç
kim bilmir.
Buna görə də inanma ki, sevgi
onuncu göylərə çatır.
4.Hərdən sevgi elə ucada olur ki
-
intihar etmək də
istəmirsən;
bədəni tərk edən ruh da çata bilməz
o ucalara.
Buna görə də öz içində
oturursan.
Kefsiz, silahsız.
Buna görə də sənin üçün intihar
etmərəm. Çünki sevirəm.
Sevgi
gizlənpaçı
Bəzən, sən yumursan, mən çıxıram,
bəzən isə, sən məni axtarırsan. Bəzən isə mən... və təkrar. Çünki
bilirik, istədiyimiz an ikimiz də bir-birimizi taparıq, lap
baxışlarımızı içimizə çevirsək və gündüz gecə ilə əvəzlənsə belə.
Başqa cür sevgi yaşaya bilməz - hərdən bir-birimizi itirməliyik və
axtarmamalıyıq. Hərdən biri-birimizi arxada buraxmalıyıq və
baxmamalıyıq. "Qalib olan hardasan, qalib olan çıx!" - sevgini
səsləməyə ehtiyac yoxdur, nə də sevgidə qalib olmur. Buna görə də
hərdən sən yumursan, mən çıxıram, amma axtarmırsan. Hərdən isə
mən... və təkrar.
Sevgi coğrafiyası
Bəzən elə yaxınsan ki, mənim ürək
döyüntüm, artıq sənin ürək döyüntünün əks-sədasıdır.
Bəzən elə uzaq olursan ki, mənim
ürək döyüntüm ümumiyyətlə kəsilir. Mənim üçün kəsilir.
Bəzən elə yaxın olursan ki, bir
kölgə iki bədənə bəs edir.
Bəzən elə uzaq olursan ki, mənim
baxışlarımın kölgəsi də sənə gəlib çata bilmir.
Buna görə də sərhədlər çəkmirik,
vizalar götürmürük, biletlər də almırıq.
Sevgi həmişə yaxın - uzaqdır. Belə
də olmalıdır. Belə daha da sevgidir.
Sevgi
Yaşsızlığı
Sonra, illər
keçdikdən sonra - kiməsə elə gələ bilər ki, ayağımız qırışlara
ilişə və ya ağarmış saçlarımızın girovunda ayağımız sürüşə bilər,
buna görə də, bizə öyrətdilər ki, sevginin yaşı olmur. Sevgi
qocalmır. Sevgi daim 16 yaşındadır və bənzər hadisələr... yaxud da,
deyirlər ki, sevgi köhnəlməlidir, qocalıb ağıllanmalıdır. Mən isə
düşünürəm ki, sevgi üçün təqvimdə yalnız bir vərəq var, o vərəq ki,
başqalarının arasından öz başımızı qoparırıq və həmin vərəqi külək
aparır... Yadımda deyil, həmin vərəqin üstündə hansı tarix, hansı
il yazılmışdı. Xatırlamıram və ya xatırlamaq istəmirəm. Mənim üçün
bir, digəri üçün tamam başqa. Həmin gün olduğu kimi qalır. O, sevgi
yaşıdır. Sevgi birgünlükdür, amma həmişə həmin gün olur. Durur və
ya yellənir. Haradasa küləkdə... Təqvimsiz... Başqa vərəqlər
olmadan...