"Bu yolun son stansiyası" pulsuzdur
2018-ci ildə Gürcüstanda fəaliyyətə başlayan
“Era Teatrı” “Yeşilay” ilə ortaq layihəsi çərçivəsində yeni
tamaşasını izləyicilərinə təqdim edir.
"Bu yolun son stansiyası" adlı tamaşa 24 yanvar
saat 18:00-da Tbilisi şəhəri "Aktyorlar Evi" adlı teatr məkanında
baş tutacaq. Tamaşanın maliyyə dəstəkçisi TİKA-dır.
Tamaşa ilk olaraq gürcü dilində təqdim olunacaq və tamaşada iştirak
etmək sərbəstdir.
Tbilisi Dövlət Azərbaycan Dram Teatrının aktyoru, tamaşanın ssenari
müəllifi və quruluşçu rejissoru Anar Rafiqoğlu qeyd etdi ki,
tamaşaya bilet pulsuzdur və tamaşaçılar arzu etdiyi təqdirdə
tamaşada sərbəst şəkildə iştirak edə bilərlər. Anar Rafiqoğlu onu
da qeyd etdi ki, xüsusən gəncləri nəzərə alaraq onların tamaşada
rahat iştirak etməkləri üçün biletlərin pulsuz olmasını təşkil
ediblər. Həmçinin fevral ayından hazırlıqlara başlamaqla tamaşa
Azərbaycan dilində Marneuli, Bolnisi və Qardabani rayonlarında
nümayiş olunacaq.
"Bu yolun son stansiyası" adlı tamaşa "Yeşilay” Cəmiyyətinin
“Gürcüstanda ictimaiyyətin zərərli vərdişlərlə bağlı
maarifləndirilməsi, sənət vasitəsi ilə təbliği” layihəsi
çərçivəsində hazırlanır. “Yeşilay” layihəsi insanların zərərli
vərdişləri siqaret, narkotik, texnologiyalar, alkoqol asılılığı və
qumar kimi mövzuları əhatə edir.
Xatırladaq ki, "Bu yolun son stansiyası" tamaşasının əsas mövzusu
insanların zərərli vərdişləri və narkomaniya haqqında olacaq.
Tamaşa narkotik vasitələrin insanlara olan zərərlərindən və insan
həyatını məhv etməsindən bəhs edir. Tamaşada həmçinin insanların
sosial şəbəkələrdən, texnologiyalardan asılılığı və texnologiyalar
sayəsində həyatın süniləşməsi mövzusuna da toxunulur.
Tamaşada iştirak edirlər: Rabil İsmayılov, Məndər Sərdarov, Ləman
Məmmədova və Sali Omarova.