“Bu yolun son stansiyası” Bolnisidə
“Bu yolun son stansiyası” tamaşa Bolnisidə səhnəyə qoyulacaq. Tamaşa 26 mart tarixində saat 16:00-da “Bolnisi Mədəniyyət Evində” baş tutacaq. Bu haqda məlumatı ssenari müəllifi və quruluşçu rejissor Anar Rafiqoğlu verdi.

Onun sözlərinə görə, Bolnisidə nümayiş olunacaq tamaşa Azərbaycan dilində olacaq və giriş pulsuzdur. “Bu yolun son stansiyası” adlı tamaşa TİKA tərəfindən maliyyələşir. Layihəyə əsasən tamaşa 5 dəfə səhnəyə qoyulmalıdır və 5 bölgədə tamaşaçılara təqdim olunmalıdır. Artıq tamaşa dörd dəfə nümayiş olunub.

Layihəyə əsasən tamaşanın finalı Bolnisi əhalisi üçün təqdim olunacaq. Tamaşanın ilk təqdimatı 24 yanvar tarixində Tbilisi şəhərində baş tutmuşdu, daha sonra isə 10 fevralda Batumidə gürcü dilində tamaşaçılara təqdim olunmuşdu. 6 martda Qardabanidə və 10 martda isə Marneulidə Azərbaycan dilində tamaşaçıların ixtiyarına verilmişdi.

Anar Rafiqoğlu onu da bildirdi ki, layihəyə əsasən “Bu yolun son stansiyası” adlı tamaşa Bolnisidə tamamlanacaq və bundan sonra ölkə sərhədlərindən kənarda da Azərbaycan və Türkiyə tamaşaçılarına da təqdim olunması plalaşdırılır. Amma qastrol səfərlərinin nə zaman olacağının dəqiq məlum olmadığını bildirdi.

Xatırladaq ki, “Bu yolun son stansiyası” adlı tamaşa “Yeşilay” Cəmiyyətinin “Gürcüstanda ictimaiyyətin zərərli vərdişlərlə bağlı maarifləndirilməsi, sənət vasitəsi ilə təbliği” layihəsi çərçivəsində hazırlanıb.

“Bu yolun son stansiyası” tamaşasının əsas mövzusu insanların zərərli vərdişləri və narkomaniya haqqındadır.

Tamaşa narkotik vasitələrin insanlara olan zərərlərindən və insan həyatını məhv etməsindən bəhs edir. Tamaşada həmçinin insanların sosial şəbəkələrdən, texnologiyalardan asılılığı və texnologiyalar sayəsində həyatın süniləşməsi mövzusuna da toxunulur.

"Marneuli" Radiosu
Print