“Era Teatrı”nın kollektivi Gürcüstan Parlamentinin majoritar deputatı ilə görüşüblər (FOTO)

Gürcüstan parlamentinin Bolnisi bələdiyyəsindən olan majoritar deputatı Qoqi Meşveliani 1 may tarixində “Era Teatrı”nın kollektivi ilə görüş keçirib.

Görüş Gürcüstan Parlamentinin Tbilisidə yerləşən binasında baş tutub.

Görüşdə teatrın direktoru Əli Məmmədov, bədii rəhbəri Anar Rafiqoğlu, meneceri Tako Beridze və səhnə administratoru Şükür Əliyev iştirak ediblər. Bu haqda məlumatı “Era Tetarı”nın bədii rəhbəri Anar Rafiqoğlu "Marneuli" radiosu ilə söhbəti zamanı dedi.

Onun sözlərinə görə, görüşdə onlar millət vəkilinə teatrın fəaliyyəti və onun gələcək planları haqda ətraflı məlumat veriblər. Anar onu da bildirdi ki, teatrın səhnələşdirdiyi “Bu yolun son stansiyası” adlı tamaşanın yaxın vaxtlarda Bolnisidə gürcü dilində tamaşaya qoyulması barədə deputatla razılığa gəliblər.

Anar Rafiqoğlu onu da əlavə etdi ki, deputat Qoqi Meşveliani tamaşanın Dmanisidə də səhnəyə qoyulmasına dəstək olacağını bildirib.

Xatırladaq ki, “Era Teatrı”nın “Bu yolun son stansiyası” tamaşasının premyerası bu ilin yanvarın 24-də Tbilisidə baş tutmuşdu. Tamaşa daha sonra isə 10 fevralda Batumidə gürcü dilində, 6 martda Qardabanidə, 10 martda Marneulidə və 26 martda isə Bolnisidə Azərbaycan dilində tamaşaçılara təqdim olunmuşdu.

Qeyd edək ki, “Bu yolun son stansiyası” tamaşasının əsas mövzusu insanların zərərli vərdişləri və narkomaniya haqqındadır.

Tamaşa narkotik vasitələrin insanlara olan zərərlərindən və insan həyatını məhv etməsindən bəhs edir. Tamaşada həmçinin insanların sosial şəbəkələrdən, texnologiyalardan asılılığı və texnologiyalar sayəsində həyatın süniləşməsi mövzusuna da toxunulur.





 

Print Email
FaceBook Twitter Google