Mən Türkəm, Türk kimi də öləcəm! - Aşıq Nargilə Mehdiyeva Dmanisoba bayramı haqqında danışdı - Video
Bu gün, 26 iyul tarixində Dmanisi rayonunda keçmiş “Elat” indiki “Dmanisoba” bayramı qeyd olunur.

“Marneuli” radiosu ilə müsahibəsi zamanı “Dmanisoba” bayramında iştirak edən aşıq Nargilə Mehdiyevanın sözlərinə görə, Dmanisidə hal-hazırda Elat bayramı qeyd olunmayacaq dərəcədədir.

Nargilə Mehdiyeva deyir ki, əvvəllər bu bayramı qeyd etmək üçün, İrandan, Türkiyədən, Azrəbaycandan qonaqlar gəlirdi və Elat bayramına  böyük maraq göstərilirdi. Lakin bu gün bayram abu-havasını hiss etmək olmur. O, insanların bu günə əvvəlki qədər maraq göstərməmələrini Elat bayramının adının dəyişdirilib Dmanisoba olması ilə əlaqələndirdi. N. Mehdiyeva deyir ki, hər nə qədər Gürcüstan vətəndaşı olsaq da biz etnik azlıq olaraq öz mədəniyyətimizi, milli dəyərlərimizi qorumalıyıq.

“Bu il çox təəssüf ki, Elata gələnlərin sayı keçən ilə baxanda azalıb. Mənə elə gəlir ki, Elat bayramının adının dəyişib Dmanisoba olması ilə əlaqədardır. Keçən il İran, Türkiyə, Azərbaycandan bir iki nəfər də olsa qonaq gələn olmuşdu bu il heç kimi görmək olmurdu. Azərbaycan musiqisi bu gün səsləndirilmədi əslində doğru da oldu, mən razıyam. Biz Gürcüstanda yaşayırıq amma haqqımızdır birlik, bərabərlik adlanan Elat baramını qeyd edək Türk dünyası bu bayramı qeyd etsin. Demək olar ki, bu il bu bayramı tək mən və tələbələrim qeyd etdik”, - aşıq Nargilə Mehdiyeva dedi

Nargilə Mehdiyeva deyir ki, gücünün çatdığı qədər hər il Dmanisiyə gedəcək və bu bayramı tələbələri ilə də olsa qeyd edəcək. O, deyir ki, bunu yaşlı nəsil etməsə də gənclər birlik olaraq öz adət-ənənələrini yaşada bilərlər. Mehdiyeva bildirdi ki, bu hər kəsin haqqıdır ki, ildə bir dəfə də olsa öz adətlərini, mədəniyyətlərini sərgiləsin, bayramlarını qeyd etsin.

Böyüklərimizdən deyil, gənclərdən istəmək lazımdır, heç olmazsa 26 iyulu qoruyub saxlasınlar, bu bayramı keçirsinlər. Tək mənlə alınmır yaxşı olar ki, türk dünysından da qonaqlar olsun amma mən yenə də tələbələrimlə hər il gedəcəm və bu bayramı gücüm çatdığı qədər qeyd edəcəm. Mən düşünürəm ki, biz özümüzü danmamalıyıq. Məni öldürsələr də mən harada yaşayıramsa orada öz mədəniyyətimi qorumaq haqqımdır. Mən Türkəm! Türk kimi də öləcəm!”, -
Nargilə Mehdiyeva deyir

Xatırladaq ki, Borçalı türklərinin "Elat" mədəniyyət günləri 2009-cu il iyul ayının 26-da “Borçalı” Cəmiyyəti tərəfindən əsası qoyulmuş və hər il eyni tarix və eyni məkanda keçirilirdi. "Elat" bayramı Dmanisi rayonunun Armudlu gölünün yaxınlığında təntənəli şəkildə keçirilirdi. Keçirilən el şənliyinə Azərbaycandan, Türkiyədən və başqa ölkələrdən yaşayan Azərbaycanlı türklər buraya gələrək "Elat" bayramında görüşürdülər.

Bu bayramda şənliklər, at yarışları, güləş, rəsm sərgiləri, biri-birindən maraqlı mədəniyyət güşələri, pəhləvanların çıxışları və s. kimi maraqlı adət ənənələr nümayiş etdirilirdi. 2016-cı ildən Kvemo Kartli qubernatorluğu və Dmanisi rəhbərliyinin qərarı ilə bayramın keçirilməsinə qadağa qoyuldu. Həmin vaxtdan eyni tarixdə "Dmanisoba" adlanan yeni bayram tədbiri keçirilməyə başlanıldı. Bayramın hansı səbəbə görə ləğv olunması isə ictimaiyyətə məlum deyil.


Nargilə Mehdiyeva Armudlu kəndində şagirdləri ilə



ARMUDLU Kəndi - ELAT BAYRAMI VIDEO MÜƏLİF JOZEF ALEKSANDR SMİT


Print Email
FaceBook Twitter Google