“Bu yolun son stansiyası” tamaşası Marneulidə yenidən səhnəyə qoyulacaq
“Bu yolun son stansiyası” tamaşası Marneulidə
yenidən səhnəyə qoyulacaq. Tamaşa 17 noyabr tarixində saat 15:00-da
“Marneuli Mədəniyyət Evində” baş tutacaq.
Bu
haqda məlumatı "Marneuli" radiosu ilə söhbəti zamanı tamaşanın
ssenari müəllifi və quruluşçu rejissoru Anar Rafiqoğlu verdi. Onun
sözlərinə görə, Marneulidə nümayiş olunacaq tamaşa əvvəllər
Azərbaycan dilində səhnələşdirilmişdi, indi isə Gürcü dilində
olacaq və giriş pulsuzdur.
A. Rafiqoğlunun dediyinə görə, tamaşa Marneulinin majoritar
deputatları Ruslan Hacıyev və Tamaz Naverianinin dəstəyi ilə baş
tutacaq.
“Tamaşa Marneulidə ilk dəfə Azərbaycan dilində səhnəyə qoyulmuşdu.
İndi isə gürcü dilində olacaq. Hər kəsi tamaşamızı izləməyə dəvət
edirik və gəlib bizim hazırladığımız tamaşanı izləyə bilərlər. Onu
da deyim ki, bizim “Era Teatrı” etnik teatr deyil. Bizim teatrda
azərbaycanlı aktyorlarla yanaş gürcü aktyorlar da yer alır və biz
etnik teatr kimi fəaliyyət göstərmirik”, – Anar
Rafiqoğlu dedi.
Anar Rafiqoğlu onu da qeyd etdi ki, yaxın vaxtlarda “Bu yolun son
stansiyası” tamaşasının Qardabani rayonunda da təkrar səhnəyə
qoyulmasını planlaşdırırlar və bu dəfə tamaşa gürcü dilində
olacaq.
Xatırladaq ki, “Bu yolun son stansiyası” adlı tamaşası ilk dəfə 24
yanvar tarixində Tbilisi şəhərində, daha sonra Batumi, Qardabani,
Marneuli və Bolnisi rayonlarında tamaşaçıların ixtiyarına
verilmişdi.
Tamaşa narkotik vasitələrin insanlara olan zərərlərindən və insan
həyatını məhv etməsindən bəhs edir. Tamaşada həmçinin insanların
sosial şəbəkələrdən, texnologiyalardan asılılığı və texnologiyalar
sayəsində həyatın süniləşməsi mövzusuna da toxunulur.
Tamaşada iştirak edirlər: Rabil İsmayılov, Məndər Sərdarov, Salome
Marakvelidze və Mati İskəndərova.