Təşkilatçılar tərəfindən təxirə salınmış “Bu yolun son stansiyası” tamaşası noyabrın 24-də tamaşaçılara təqdim olunacaq
Təşkilatçılar tərəfindən təxirə salınmış “Bu
yolun son stansiyası” tamaşası 24 noyabr tarixində saat 16:00-da
tamaşaçılara təqdim olunacaq.
Bu
haqda məlumat "Era Teatrı"-nın rəsmi “Facebook” səhifəsində
paylaşılıb. Tamaşanın təxirə salınma səbəbi ilə bağlı təşkilati
işlərlə məşğul olan Camal Məmmədovla əlaqə saxladıq. O, bizimlə
daha sonra əlaqə saxlayacağını bildirdi. Daha sonra isə çoxsaylı
cəhdlərimizə baxmayaraq onunla əlaqə saxlaya bilmədik.
Xatırladaq ki, “Bu yolun son stansiyası” adlı tamaşa ilk dəfə 24
yanvar tarixində Tbilisi şəhərində, daha sonra Batumi, Qardabani,
Marneuli və Bolnisi rayonlarında tamaşaçıların ixtiyarına
verilmişdi.
Tamaşa narkotik vasitələrin insanlara olan zərərlərindən və insan
həyatını məhv etməsindən bəhs edir. Tamaşada həmçinin insanların
sosial şəbəkələrdən, texnologiyalardan asılılığı və texnologiyalar
sayəsində həyatın süniləşməsi mövzusuna da toxunulur.
Onu da əlavə edə ki, 24 noyabrda Marneulidə nümayiş olunacaq tamaşa
əvvəllər Azərbaycan dilində səhnələşdirilmişdi, indi isə Gürcü
dilində olacaq və giriş pulsuzdur. Bu haqda məlumatı "Marneuli"
radiosu ilə söhbəti zamanı tamaşanın ssenari müəllifi və quruluşçu
rejissoru Anar Rafiqoğlu verdi.
A. Rafiqoğlunun dediyinə görə, tamaşa Marneulinin majoritar
deputatları Ruslan Hacıyev və Tamaz Naverianinin dəstəyi ilə baş
tutacaq.
“Tamaşa Marneulidə ilk dəfə Azərbaycan dilində səhnəyə
qoyulmuşdu. İndi isə gürcü dilində olacaq. Hər kəsi tamaşamızı
izləməyə dəvət edirik və gəlib bizim hazırladığımız tamaşanı izləyə
bilərlər. Onu da deyim ki, bizim “Era Teatrı” etnik teatr deyil.
Bizim teatrda azərbaycanlı aktyorlarla yanaş gürcü aktyorlar da yer
alır və biz etnik teatr kimi fəaliyyət göstərmirik”,
– Anar Rafiqoğlu dedi.
Anar Rafiqoğlu onu da qeyd etdi ki, yaxın vaxtlarda “Bu yolun son
stansiyası” tamaşasının Qardabani rayonunda da təkrar səhnəyə
qoyulmasını planlaşdırırlar və bu dəfə tamaşa gürcü dilində
olacaq.
Tamaşada iştirak edirlər: Rabil İsmayılov, Məndər Sərdarov, Salome
Marakvelidze və Mati İskəndərova.