“Sənin tarixin, sənin kimliyin itir”, – Samirə Bayramova Ana dili şeirinə həsr etdiyi video haqqında danışdı (VİDEO)
15:28 / 23.12.2019
21
dekabr tarixində, Mirzə Fətəli Axundovun Tbilisi şəhərində yerləşən
ev muzeyində fəal gənc Samirə Byarmovanın təşkilatçılığı ilə
Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin “Ana Dili” adlı
şeirinin video təqdimat tədbiri baş tutub.
“Ana Dili” şeirini video şəklində cəmiyyətə çatdırmasının əsas
səbəblərindən danışan Samirə Bayramovanın sözlərinə görə, bu video
ilə Azərbaycanlıların keçmişə dayanan mədəniyyətini, dilini,
savadını video vasitəsi ilə təqdim edib. Buna görə də videoda 3
yaşından 90 yaşa qədər şəxslər yer alıblar. Videoda həmçinin
dünyasını dəyişmiş, İlya Çavçavadze adına Tbilisi Dövlət Pedaqoji
Universitetinin Azərbaycan bölməsinin yaradıcısı Gürcüstan EA-nın
akademiki, professor Valeh Hacılar və dünyada ilk müsəlman deputat
qadın olan Pəri xanım Sofiyeva da anılıb.
“Sənin tarixin, sənin kimliyin, sənin dilin itir, bütün
bunlar bu videonun yaranmasına səbəb oldu. Bir tarixi yerlərə tura
gedirdik və mənim dostum Elbrus Məmmədov mənə bu şeiri oxumağı
təklif etdi və onun da əvvəlcədən belə bir fikri var idi. İdeya ilk
olaraq onun ağlına gəlmişdi və mən də razılaşdım və dedim ki, bu
şeiri mənə ver, mən bu şeiri ssenariləşdirib fərqli bir film və ya
sosial bir video çarx kimi təqdim edim. Sonra qərara gəldik ki,
videonu hazırlayaq. Bu cəmiyyətə bir mesajdır, düşündüm ki,
Azərbaycanlılar deyəndə savadsız bir toplum düşünülür. Xeyr!
Göründüyü kimi 3 yaşdan 90 yaşa kimi hər kəs müəyyən bir sahəyə
mənsub insandır. Azərbaycanlı deyəndə o demək deyil ki, savadsız,
çirkin bir toplum nəzərdə tutulmalıdır. Sırf azərbaycanlılara aid
tarixi məkanları seçmişik, videoda hər sahəyə aid insanları görmək
mümkündür. Əgər bizi birləşdirən dildirsə, burada uşaq, məscidin
axundu, tələbə – hər kəs yer alıb”, – Samirə
Bayramova dedi.
O, qeyd etdi ki, videonun çəkilməsinin əsas məqsədi ana dilinin
təbliğidir və düşünür ki, bu yolla gələcək nəsillər öz dillərini
qoruyub, saxlamağı bacaracaqlar. “Bu sadəcə girişdir və bundan sonra da dillə bağlı fərqli
və böyük layihələrimiz var və davamını
gətirəcəyik”, – Samirə Bayramova deyir.
2 aya ərsəyə gələn videoya cəmiyyətin də böyük maraq və dəstək
göstərdiyini deyən Bayramova bildirdi ki, hazırladığı video ilə
insanların ürəyində yer tapmağı bacarıb.