Tbilisi Dövlət Azərbaycan dram teatrının aktyorları və direktor
müavini işdən azad olunmasına teatrın bədii rəhbəri Turqay Vəliyev
öz münasibətini bildirdi.
O, "Marneuli" radiosu ilə söhbəti zamanı bildirdi ki, teatrın
əməkdaşlarının işdən azad olunmalarına onların 6 ay müddətində işə
gəlməməsi və öz peşə vəzifələrini yerinə yetirməməsi səbəb olub.
Turqay Vəliyevin sözlərinə görə, işdən azad oluna əməkdaşlarına
dəfələrlə öz işlərinə qayıtmalarını istəyib, ancaq onlar işə
gəlməyiblər.
"Onların işə gəlməməsi teatrın normal iş fəaliyyətinə
mane olurdu. Yaranan vəziyyəti nəzərə alaraq bu şəxslərə keçən il
qanun çərçivəsində töhmət verməyə məcbur oldum. Bu heç bir nəticə
vermədi və bu şəxslər yenə də işə gəlmədilər. Daha sonra keçən ilin
sonu yenə bir töhmət verməyə məcbur oldum. Bu ilin əvvəlində isə
qanunu pozduqlarına görə maaşlarından 50 % kəsildi. Bu da heç bir
nəticə vermədi və fevral ayından onlar artıq işdən azad olundular.
Hər bir addım qanun çərçivəsində olmuşdur", – Turqay
Vəliyev dedi.
Turqay Vəliyevin dediyinə görə, işdən azad olunan əməkdaşlar teatrı
məhv etməyə çalışırdılar.
"Namiq Hacıyev və onun həmfikirləri çalışırlar ki,
teatrı məhv etsinlər və teatr inkişaf etməsin. Biz buna heç zaman
yol vermərik. Əksinə Tbilisi Dövlət Azərbaycan dram teatrını
nümunəvi teatrlar sırasına qatmaq üçün çalışacağıq",
– Turqay Vəliyev dedi.
Bədii rəhbər onu da əlavə etdi ki, hal hazırda teatrda olan vakant
iş yerlərinə Azərbaycanlı aktyorlar və işçilər qəbul olunacaq.
"Gələcək üçün çoxlu maraqlı planlarımız var. Yeni
tamaşalarla tamaşaçılarımızı sevindirəcəyik və eyni zamanda xarici
beynəlxalq teatr festivallarında iştirak edərək teatrımızı nəinki
Gürcüstanda, eləcə də xaricdə məhşurlaşdıracağıq", –
Turqay Vəliyev dedi.
Turqay Vəliyev onu da əlavə etdi ki, teatrın bağlanması barədə heç
bir söz ola bilməz, əksinə teatr inkişaf edəcək və nümunəvi
teatrlardan biri olacaq.