Qardabanində "Mer" adlı qısametrajlı film çəkilib (VİDEO)
Qardabanində "Mer" adlı qısametrajlı film çəkilişi baş tutub. Film "Youtube" kanalına yüklənərək tamaşaçılara təqdim olunub. Filmin çəkilməsində əsas məqsəd Qardabani rayonunda olan infrastruktur problemlərini göstərməkdir.

Filmin quruluşçu rejissor və ssenari müəllifi, Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrının keçmiş aktyoru Binəli İslamoğlunun sözlərinə görə, filmin süjet xəttində yeni merin əvvəlki işçilərin və keçmiş merin iş rejimini bəyənməməsi əks olunub.

"Biz filmdə göstərmək istədik ki, yeni mer şəhərdə yeni iş rejimi yaradır və yeni işlər görür. Qardabanini işıqlandırır. Yəni əsas məqsəd Qardabani rayonunda olan infrastruktur problemlərini göstərməkdir. Eləcə də bir mer necə olmalıdır – onu film vasitəsi ilə tamaşaçılara çatdırmaqdır. Bu filmdə əvvəlcə istədim mer rolunda özüm oynayım. Sonra fikirləşdim ki, həm rejissorluq, həm də operator olmaq mənim üçün çox çətin olacaq. Qərar verdim ki, bu rolu 4 yaşlı oğlum İslam Akifə həvalə edim. Düşündüm İslam bu rola yaxşı yaraşır və belə də oldu. Bu rolu oğluma verdim və o, bu rolun öhdəsindən çox məharətlə gəldi. Gələcəkdə düşünürüəm ki, daha uzun metrajlı filmlər çəkim", – Binəli İslamoğlu dedi.

Binəli İslamoğlunun sözlərinə görə, onlar əvvəlcə düşünüblər ki, filmin təqdimatını geniş formada etsinlər, amma ölkədə koronavirusun yayılmasına görə, film üçün təqdimat keçirməyiblər və "Youtube" kanalına yükləyərək tamaşaçılara təqdim ediblər.

Filmin quruluşçu rejissoru və ssenari müəllifi onu da bildirdi ki, filmin çəkilişləri zaman heç bir çətinlik çəkməyiblər. O, qeyd etdi ki, bu cür filmlərin davamı gələcək. Onlar əsasən komediya janrında filmlər çəkəcəklər.

Filmin baş rolunu 4 yaşlı İslam Akif canlandırıb. O, filmin quruluşçu rejissor və ssenari müəllifi Binəli İslamoğlunun oğludur. Digər rollarda isə Azər Musaoğlu, Fazil Bayramov, Rasim Həsənov, Sahib Əsgərov, Araz Əliyev, Təbriz Xəlilov oynayıblar.

Xatırladaq ki, filmin quruluşçu rejissor və ssenari müəllifi Binəli İslamoğlu və filmdə iştirak edən aktyorlar Azər Musaoğlu və Fazil Bayramov Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrının keçmiş aktyorları olublar. Digər aktyorlar isə həvəskar aktyorlardır.

Məlumat üçün qeyd edək ki, Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrının əməkdaşları Binəli İslamoğlu, Azər Musaoğlu, Fazil Bayramov və ümumilikdə 11 nəfər əməkdaş mart ayında işdən azad olunublar.



Print Email
FaceBook Twitter Google