Gürcü ədəbiyyatındakı Borçalılılar
Gürcü ədəbiyyatındakı azərbaycanlı obrazları ayrıca araşdırma mövzusudur. Həm keçmiş əsrin, həm də müasir gürcü yazıçılarının yaradıcılıqlarında material tükənməz qədərdir. Buna görə də, bu məktubun məqsədi daha çox ümumi müzakirə və gürcü yazıçılığında azərbaycanlı surətini təqdim edən tendensiyaları vurğulamaqdır. Məncə, bu qəhrəmanlarda, adətən, yazıçının şəxsi münasbəti əks olunur. Gürcü yazıçılığında azərbaycanlı obrazların bir neçə surətini ayırd edə bilərik: 1) "Yerli qəriblər"- "yerli" sözündə Gürcüstanda doğulması, "qərib" sözündə isə başqa xalq və dinə mənsub olması nəzərdə tutulur; 2) Düşmənlər və dostlar; 3) Sivilizasiyanın (qərb) və geriliyin (şərqin) ziddiyyətinin əyani misalları; 4) Sadiq və igidlər; və 5) Sadəlövhlər.

Aydındır ki, sadalanan surətlər olduqca ümumidir və dolayısı ilə, qeyri-müəyyən də ola bilər, lakin gürcü hekayə-roman-novellalarının azərbaycanlı obrazlarının simaları və yazıçıların onlara qarşı münasibətinin təqribi paradiqmasını belə təsəvvür edə bilərik.

Gürcü ədəbiyyatında azərbaycanlıları, təxminən, 1940-cı illərə qədər tatar / Borçalı tatarları kimi, ancaq sonra, bu gün də daxil olmaqla azərbaycanlılar kimi təqdim edirlər, lakin "tatar" sözü ilə də nadirən qarşılaşmırıq (Yazıçının hansı tarixi dövr haqqında danışdığından asılıdır. Onu da demək lazımdır ki, “tatar” deyildikdə hər zaman hazırki azərbaycanlıların əcdadları nəzərdə tutulmurlar. Bir çox hallarda bu din ilə - “islam ilə” əlaqələndirilir, ancaq bu başqa söhbətin mövzusudur – O.K.).

Tarixi mənbələrdən fərqli olaraq gürcü bədii-nəsri ədəbiyyatında Azərbaycan reallıqları daha gec, yəqin ki, qəhrəmanlıq dastanı olan “Koroğlu” ilə yaranmış diqqət nəticəsində təsdiqini tapır. 19-cu əsrin ortalarında gürcü dramaturq Zurab Antonov eyniadlı dastanın motivləri əsasında "Koroğlu" adında pyes yazdı. Burada pyesin əsas qəhrəmanı sosial ədalətsizliyə qarşı mübarizə aparan bir nümunə kimi təqdim olunur.



Şio Araqvispireli "Qiulih" (Güllü –O.K.) novellasında Borçalılıların həyat tərzi fonunda faciəvi bir sevgi dramını təqdim edir. Bu novellada bir neçə düyün iç-içədir. Yaşlı Əli, artıq evli olan oğlu Kərbəlayinin aşiq olduğu 17 yaşlı Qiulih ilə evlidir. Qiulih isə Əli ilə ticarət edən erməni sövdəgərin köməkçisi gənc bir gürcü oğlana - Mituaya aşiqdir, Mitua da onu sevir. Novellada maldarlıqla məşğul olan, öz patrirarxal quruluşu və böyük-kiçik qaydalarının qorunduğu, qonaqpərvərliyi və daxili, insani mübarizəsi ilə böyük bir Borçalı ailəsi təsvir olunmuşdur. Kərbəlayinin özü və anası, atasının başqa həyat yoldaşları ilə birlikdə Əlinin özündən çox kiçik olan qızla evli olmasından narazıdırlar. Hekayənin sonuna doğru Mitua və Qiulih qaçırlar, lakin Kərbəlayi onları mağarada tapır və gənclərin üçü də ölür.

2003-cü ildə Gürcüstanda baş verən hadisələrdən bəhs edən “ Morçili” ("İtaətkar") romanında süjet Kvemo Kartlidə cərəyan edir. Romandan görünür ki, Kvemo Kartlidə açılmış gürcü dilinin axşam kurslarında bir şagird (hansı ki, eyni zamanda iş adamıdır) öz müəllimi Pelagiyaya aşiq olur. Qeyd olunan epizoddan gətirilmiş sitatları şərhlərimizlə təqdim edirik, qısası, Pelagiya da öz şagirdinə qarşı biganə deyil, lakin bir maneə var: "anamı razı sala bilmədim..." - Maikoya deyir. "Nədən narazıdır?... Təhsilinə görə sənə tay saymırmı?" (Burada yazıçı ictimai fikri çox real şəkildə ifadə edir - əgər azərbaycanlıdırsa, sıradan bir gürcü müəlliminə belə təhsili ilə necə çata bilər?!) Pelagiya isə qeyd edir: "yox, nə danışırsan!... Bakı Universitetini bitirib, (burada azərbaycanlının təhsilinə skepsis yaranmasın deyə dərhal əlavə edir) rus universiteti. Burada da bizimkilərlə əlaqə qurmaq istəyir (adam Gürcüstan vətəndaşıdır və yenə də "bizimkilərlə", yəni “gürcülərlə” deyir) Rus dilində də bacarar. Əlbəttə ki. Lakin utanır. Həmvətənlərimlə nəyə görə başqa dildə danışmalıyam deyir. (Bu zaman azərbaycanlının birlik hissi daha güclüdür).
“Əziz anan daha nə istəyir, bəs” – Maiko soruşur.
“Adətləri xoşuna gəlmir. Onların adətləri. Mən sünnət olunmuş nəvələrə necə baxım... Oradan, əsəbdən qızarmış anası deyir ki: Sünnət olunmamış nəvələri evə buraxmayacağam.”
Romandaki aşiq kişilər qadınlardan fərqli olaraq daha çox həmrəydirlər. Pelagiyanı sevən azərbaycanlı (adını bilmirik) və Maikonu sevən gürcü Dimitri öz sirlərini, ürəyindəkiləri bir yeməkxanada içki ilə ayrı-ayrı qeyd edirlər, lakin “Yaxşıca vurduqdan sonra birlikdə qalxırlar, bir-birilərinə yaxınlaşırlar, son qurtumlarını da birlikdə içirlər, birlikdə çıxırlar və kirimişcə göz yaşlarını silirlər”...
Maiko bir növ istehza ilə Pelagiyanı belə "sakitləşdirir": "bəlkə ancaq qızlarınız olur."
Yazıçı bu kiçik hissədə yalnız mövcud münasibətləri deyil, eyni zamanda inteqrasiya prossesində azlıqların və çoxluqların keçəcəyi gələcək daxili mübarizəni də qeyd etməyi bacardı.
Ümumiyyətlə, azərbaycanlıların və xüsusilə "Borçalılı tatarların" məsələsini Mixeil Cavaxişvili fövqəladə şəkildə işləyir. Gürcü nəsrinin ustadının demək olar ki, bütün mühim əsərlərində "tatar" və ya "Borçalılı tatar" obrazı iştirak edir, özü də bir mənalı olaraq müsbət məzmunda. Üstəlik, Aleksandr Kazbeqi üçün Şimali Qafqazlıların əziz olduğu kimi, Mixeil Cavaxişvili üçün də “tatarlar” əzizdir. Mixeil Cavaxişvili azərbaycanlı personajları səthi göstərən gürcü yazıçılarının çoxunda əskik olan xüsusiyyət vardı, o azərbaycan dilini bilirdi, və eyni zamanda o dövrün azərbaycanlılarının məişəti və prixotipinə yaxşı bələd idi.



“Marabdalı Arsen”-də Mixeil Cavaxişvili “Koroğlu” dastanına baş vurur, daha dəqiq, o Arsenin qardaşlığı olaraq öz dəstəsi ilə birlikdə Dəli Həsəni gətirir. "Koroğluda" Dəli Həsən də Koroğlu ilə üzbəüz döyüşdə məğlub olan quldurların başçısıdır. Məğlub olan Dəli Həsən Koroğluya həmişəlik sadiqlik andı içir və onun sağ qolu olur. Mixeil Cavaxişvili, göründüyü kimi, Koroğlunun özünü, nüfuzundan irəli gələrək, Arsenanın qardaşlığı kimi göstərməyə cəsarət etmədi, çünki bu halda, ya Marabdalı Arsenin adına kölgə düşəcəkdi, ya da Koroğlu zəifləyəcəkdi. Eposdan fərqli olaraq, romanda Dəli Həsən Gürcüstandandır, beləliklə, Borçalılıdır. Dəli Həsən sözü və əməli ilə Arsenin pərəstişkarı və sözünün üstündə duran igid kimi təqdim olunur. Romanın sonunda Arsenə görə Qiorqi Kuçatnelidən intiqam alınması bir qardaşlıq kimi Dəli Həsənin səlahiyyətidir və o borcunu yerinə yetirir.
Azərbaycanlı obraza Mixeil Cavaxişvilinin "Kvaçi Kvaçantiradze" əsərində də rast gəlirik. Onun adı Cəlildir və tez-tez bayatılar oxuyur. Düzdür, saxtakar Kvaçinin dostları, o cümlədən Cəlil də, onun kimidilər, lakin maraqlısı odur ki, Cəlil bu saxtakarlıqda belə ona şərtsiz sadiqdir və hər cür "fırıldaqçılıqda" onun tərəfini saxlayır.


























"Doğru Abdullahda" öz əmisioğlunun bədxahlığına, məhkəmədə köməksiz qaldığına və dil bilməməsinə görə xoşbəxt ailəsi dağılan bir Borçalılı, zəhmətkeş və halal bir adamın dramı təsvir edilmişdir. Yazıçı hekayəyə hadisələrin ortasından, məhkəmə salonundan başlayır və ilk səhnəni film kadrı kimi real olaraq təqdim edir - oxucu bir anlıq yarı qaranlıq kadrda hakimin hökm kimi səsini - "Abdul Kərim"-i eşidən bir tamaşaçıya çevrilir.
Onu soyğunçuluqda və qətldə ittiham edirlər. (Yeri gəlmişkən, hiss olunur ki, 19-cu əsrin sonu və 20-ci əsrin əvvəlində soyğunçuluq Borçalılılar arasında da geniş yayılıbmış. Əgər Nəriman Nərimanovun "Nadanlıq" pyesinə nəzər salsaq, görərik ki, burada da kişiliyə dair romantik düşüncələrə qapılmış gənclər dəstə yaradır, quldurluq edirlər. Onlar bu addımı sosial ədalətsizlik kimi deyil, özünüifadə yanğısının əsası kimi görürlər. Nərimanovun fikrincə, bu yanlış tərbiyənin, saxta dəyərləri ideal kimi təsəvvür etməyin nəticəsidir - O.K.)
Məhkəmə Abdul Kərimin dilini qəbul etmir. Məhkəmə idili isə Abdul Kərim üçün yaddır. Mixeil Cavaxişvili “Borçalı tatarını” sakit, iri gövdəli, dürüst, zəhmətkeş insan kimi təsvir edir. Abdul Kərim üçün ailə qibləgah, müqəddəsdir. Ailəsi üçün hər şeyə dözər, hər şeyə güzəştə gedər. Həbsxanada da onu mal-mülkü deyil, ailəsi düşündürür - əsas odur ki, azadlığa buraxılana qədər ailəsi bir təhər tab gətirə bilsin, gerisini öz zəhməti ilə bərpa edəcək.
Gürcü ədəbiyyatının şah əsərində - "Lambalo və Ğaşa" müəllifi Mixeil Cavaxişvili, İran azərbaycanlıları haqqında yazır (bəzi gürcü tədqiqatçı-alimlər düşünürlər ki, Məşədi Həsən və digər əhali farsdırlar). Hadisə rusların girdiyi və çoxlu çirkin oyunbazlıq törətdiyi İran Azərbaycanında baş verir. Orada hamı bir-biri ilə vuruşur, İran hakimiyyəti isə yalnız formal olaraq mövcuddur. İran Azərbaycanında ruslar öz əsgərləri və "din" xadimləri ilə təmsil olunurlar. Rusiya orada da onlar üçün səciyyəvi metodlarla vuruşurlar - millətlər arasında fitnə yaratmaqla, saxta dini prozelitizm, "rus messiyaçı ideologiyasını" yaymaqla. Digər Avropa imperiyaları da eyni şəkildə davranır, yerli əhali isə öz gücsüz hakimiyyətinin laqeydliyi, ədalətsizliyi və insanları kənarlaşdırması üzündən əziyyət çəkir.
İran azərbaycanlısı Məşədi-Həsən bir neçə ilini Gürcüstanda keçirib - Borçalıda, Ləmbəli kəndində meyvə alırdı və Tiflisdə satırdı. Meyvəni küçələrə gəzdirən zaman, çox cingiltili və aydın bir səslə oxuması hesabına çoxlu müştərisi var imiş, lakin, sən demə "paxıl kintolar" onu bıçaqla yaralayıblar və o da vətəninə qayıdıb. İran Azərbaycanında, Urmiya gölü yaxınlığındakı bir xəstəxanada, baş həkim olaraq göndərilən bir gürcü təbib və Məşədi-Həsən bir-birlərinin dilini bildikləri üçün çox yaxın əlaqə qururlar. Yerli xalqın ürək açıqlığı, yaxşılığı, saflığı və acınacaqlı vəziyyəti "gürcü həkimi" onların pərəstişkarına çevirir və soldat düşüncəli rus episkoposla da az qalır qanlı bıçaq olsun. Məşədi-Həsən rus hökmranlığının qurbanına çevrilir, İran Azərbaycanı tərəfindən quyruğu basılan Rusiya, nəhayət, “həyatı kimi ölümü ilə də pislik edərək” orada yaşayan xalqlarda bir-birlərinə qarşı dərin nifrət və etimadsızlıq buraxıb çəkilir.
Mixeil Cavaxişvilinin əsərlərində təsvir olunan "Borçalılı" və ya "Borçalılı olmayan tatarlar" yazıçının onlara olan böyük rəğbətinə baxmayaraq, əksər hallarda gürcülərə bərabər deyil, etibarlı bir "köməkçi" kimi təsvir olunub, və bu, ehtimal ki, yazıçının qərəzli yanaşması kimi dərk olunmamalıdır, çünki bu cür "tale" bizim müasir, real həyatımızda yenə də qüvvədədir.

"Qadın südü" novellasında müəllif Konstantin Qamsaxurdia öz ad-soyadı ilə təqdim olunur. Bu isə bizi əsərin qəhrəmanının düşüncələrini yazıçının əhval-ruhiyyəsi/münasibəti kimi qəbul etməyə təşviq edir. Burada, Mixeil Cavaxişvilinin əsərlərindən fərqli olaraq "Borçalılı tatarları" pis, düşmən, barbar, və qaranlıq - "Asiya" qüvvəsi kimi təqdim olunurlar. Novellada onlar monqollarla əlaqələndirilirlər. Yazıçı üçün isə monqollar qeyd-şərtsiz vəhşilik nümunələridir. Novellanın qəhrəmanı "Borçalılıların" yaşadığı regionu, Qarayazını (bu günkü Qardabani) təhlükəli bölgə kimi təsvir edir: "dostlarım mane olurlar: ya yolunu azacaqsan, ya da hər hansı bir quldur tatar əlindəki tüfənglə səni pusquya salacaq və silahını almaq üçün öldürəcək".
Yazıçının etimadsızlığı o həddə çatır ki, "eyvana çıxmış tatarlar mənim üçün anlaşılmaz bir dildə qışqırırlar, itlərə əxlaq nəsihət edirlər: və ya, kim bilir, bəlkə də öyrədirlər ki, yoldan keçənlərə hücum etsinlər", - deyir. (bütün qaraltmalar bizimdir O.K.)
Konstantin Qamsaxurdiadan fərqli olaraq Nuqzar Şataidzenin “Tetri Tsxeni” ( "Ağ at") hekayəsini həsr etdiyi tarixi qəhrəman Kakutsa Çoloğashvili "Borçalı tatarlarından” ehtiyat etmir. 1924-cü ildə Bolşeviklər tərəfindən məğlub edilmiş qəhrəman azsaylı tərəfdarları ilə birlikdə üzünü Türkiyəyə tərəf tutur və ona öz dəstəsi ilə birlikdə, kılavuz olaraq (yəni “yoldaş, bələdçi” – bu sözü Rustaveli də istifadə edir – “...Avtandil kılavuz oldu...”) Acixəlil (ehtimal ki, Hacıxəlil olmalıdır) bələdçilik edir. Bolşevik amansızlığı dövründə bələdçilik etmək bir yana, Çoloğaşvilinin adını çəkmək belə ölümcül təhlükəlidir, lakin görünür ölümdən, təhlükədən və qorxudan daha üstün bir şeylər hələ də var. Acixəlil və onun dəstəsinin üzvlərinə qarşı Kakutsa və onun tərəfdalarının hörməti bir məqamda yenə görünür: "günortadan sonra donuzun səsini eşitdilər və tezliklə yaban donuzunun sürüsünü gördülər. Təqibçilərin qorxusundan çox Acixəlil və onun tatarlarının xətrinə görə güllə atmadılar. Donuz sürüsü sıx meşədə gözdən itdi və özü ilə birlikdə nəm kabab arzusunu da apardı". Lakin "Acixəlilin əmri ilə tatarlar getdilər və hardansa bir yaxşı kök cöngə gətirdilər".
Nuqzar Şataidzenin “Xevsuris xmali” ("Xevsurun qılıncı") hekayəsində Aspindza müharibəsinin qəhrəmanları - Xudu və başqa Borçalılılıar, düzdür bir-iki cümlə ilə, lakin aşkar, dərin bir hörmətlə xatırlanırlar. Hekayə Aspindza müharibəsinin ortasından başlayır. Tuş döyüşçüsü Diloidze, xevsur Xirçlanın qılıncının özəlliklərinə təəccüblənir - düşmənin şəmşirlərini parça-parça edir. Müharibədə qalib gəldikdən sonra "ordu bir təpənin üstündə dincəldi. Sancaqlara uyğun düşərgə saldılar. Müharibədə uzaqgörənlik göstərən şah İraklini tərifləyirdilər - gecə, Borçalılı tatar Xuduya körpünün oxlarını mişarlatdı... İrakli düşmənin altı minlik ordusuna qarşı iki min gürcü və min Borçalılı tatarla birlikdə vuruşdu və məğlub etdi.”


"Axrizaman" (Axırzaman) hekayəsi Tbilisidə ümumxalq bayramı olan “Ğeenoba” (Ğaen yəni Xaqan sözünün gürcüləşdirilmiş formasıdır –O.K) ənənəsinə həsr olunmuşdur. Qanlı və ölümcül nəticələrinə baxmayaraq (adətən, çox sayda yaralı və ölü olur) hər bir etnosun Tiflisli nümayəndəsi bu “Ğeenoba”-nı "tatarın Novruz bayramını gözlədiyi kimi" səbirsizliklə gözləyir – Nuqzar Şataidze epiqraf olaraq “şəhərli yaşlı qadının sözünü” önünə artırır. Bu “bataleyalarda” “indi bizim məhəllənin tatarları əlbəyaxa döyüşməyə (boksa) getdilər, onların qırxdığı. Parlaq başlarını görən insanlar rahatlandılar”. “Axrizaman”-da bayramların birlikdə qeyd olunması ənənəsi olduqca yaxşı təqdim olunmuşdur.
Quram Pancikidzenin "Rəşid" başlıqlı hekayəsində (uşaq vaxtı oxumuşam və incəlikləri dəqiq xatırlamaya bilərəm, buna görə mümkün səhvlər üçün əvvəlcədən oxucudan üzr istəyirəm - O. K.) baş qəhrəman Gürcüstanda yaşayan etnik azərbaycanlıdır, zavodda dəzgahla işləyir. Rəşid nizam-intzamlı, məsuliyyətli fəhlədir, o dəzgahı sonrakı növbə üçün həmişə təmiz saxlayır. Bir dəfə bir etnik gürcü öz səhvi ucbatından dəzgahı xarab edir. Rəşidə yoxlamadan təhvil vermək və daha sonra dəzgahın sıradan çıxmasında onu günahlandırmaq üçün iş vaxtı olana qədər onu uzun söhbətə tutur. Buna görə də Rəşid dəzgahı yoxlaya bilmir. Dəzgah sıradan çıxır və böyük səs-küylə sınır. Direktor əmindir ki, Rəşidə böhtan atılıb, lakin xeyirxah Rəşid bütün günahı öz üzərinə götürür.
Rəşid yuxarıda qeyd olunan sevimli "sadəlövh" paradiqmasına tam uyğun gəlir.
Əsərlərin bu siyahısı tam deyil, məsələn, müstəqillikdən sonra yazılmış mətnləri əhatə etmir (yalnız Otar Çxeidzenin "İtaətkar" əsəri istisnadır). Lakin Gürcüstan vətəndaşı azərbaycanlılara qarşı münasibət çox da dəyişməyib, çünki gürcü yazıçıları bu icmanı tanımırlar, öyrənmirlər, nə də bu xalqla maraqlanmırlar. Bizdə yazıçılıq yalnız "ilham" ilə kifayətlənir və araşdırmaya, biliyə əsaslanmır. Buna görə də gürcü yazıçısı tez-tez azərbaycanlılarla əlaqəli bişib-düşmüş, çeynənmiş, eşitdikləri stereotip sürətlərdən istifadə edir, bununla da oxucunun onsuz da öyrəşdiyi müsbət və mənfi təsəvvürləri daha da dərinləşdirir.











Düşünürəm ki, müəllim bu əsərləri məktəbdə tədris edərkən onları tez-tez məzmundan kənar müzakirə etməli olur və şagirdə Azərbaycan mədəniyyəti haqqında ətraflı məlumat çatdıra bilmir, buna görə də, hətta, çalışqan uşaqların təsəvvüründə belə azərbaycanlılar yalnız mətnlərdə təsvir olunduğu kimi təqdim olunur.
Ancaq yenə də, yazılanlar olduqca qiymətlidir, çünki bu mətnlər azərbaycanlı icmasının həyatı haqqında təsəvvür yaradır. Yazıçılıq, dövr üçün səciyyəvi olan xüsusiyyətləri özündə saxlayan və azlıqlar haqqında da bizə ən vacib məlumatları çatdıran, bir növ "kənar" gözdür.


INDIGO/Müəllif: Oqtay Kazımov, filoloq, tərcüməçi.
Print