Gəncə qapısının saxlanıldığı monastrında problemlər yaranıb, işə YUNESKO cəlb edilib
YUNESKO-nun ekspertləri Gürcüstanın Kutaisi şəhərinin yaxınlığında yerləşən Gelati monastır kompleksində araşdırma aparacaqlar.

Gürcüstanın mədəniyyət, idman və gənclər naziri Tea Tsulukiani kompleksə baş çəkib və ekspertlərin ziyarətinə hazırlıqlarla tanış olub.

Xarici mütəxəssislər məbəddə aparılan bərpa işlərində yol verilən çatışmazlıqlar nəticəsində yaranmış vəziyyəti araşdıracaq və müvafq tövsiyələr verəcəklər.

Problemlərin aradan qaldırılması üzrə plan gürcü ekspertlərin iştirakı ilə hazırlanacaq.

Qeyd edək ki, YUNESKO XII əsrdə inşa olunan Gelati monastırını 1994-cü ildə Ümumdünya İrs Siyahısına salıb. Abidənin bərpası bir neçə il davam edib. Lakin işlərin başa çatdırılmasından sonra dam örtüyü su buraxmağa başlayıb və nəticədə qədim freskalara ciddi ziyan dəyib.

Gəncə qapılarının bir tayı məhz bu monastırda saxlanılır. Tarixi mənbələrə əsasən, 1139-cu ildə Gəncədə baş vermiş güclü zəlzələdən sonra şəhərə qarət məqsədilə hücum etmiş gürcülər qapının bir hissəsini Gürcüstana aparıblar. Qapının bəzi hissələri çürüyüb, onun restavrasiyaya ehtiyacı var.







Mənbə: report.az
Print Email
FaceBook Twitter Google