Sentyabrın 18-dən 24-dək ənənəvi Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi
Festivalının keçirilməsi nəzərdə tutulub.
Bu barədə Azərbaycan Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan işğalda
olan torpaqlarını azad edib və bundan sonra Azərbaycan Respublikası
Prezidentinin müvafiq Sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın
mədəniyyət paytaxtı elan olunub. Bu səbəblə bu ilki festivalın ilk
konsertlərindən biri də Şuşa şəhərində keçiriləcək. Sentyabrın
18-də Üzeyir musiqi günündə Xalq artisti Ağaverdi Paşayevin
rəhbərliyi altında F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs
Ansamblı və tanınmış solistlərin iştirakı ilə Şuşada açıq havada
konsert təşkil olunacaq.
Bundan əlavə, sayca XIII olan bu festival çərçivəsində Bakı, Gəncə,
Ağdamda bir neçə tədbirin təşkili planlaşdırılıb. Eyni zamanda cari
festival çərçivəsində ilk dəfə olaraq “Üzeyir sənətinin gənclik
sədaları” adı altında yeni proqrama start verilib və gənclərə böyük
səhnədə özlərini nümayiş etdirməyə şans yaradılıb.
Festival çərçivəsində Azərbaycanın bədii kollektivləri, solistləri
ilə yanaşı, ABŞ və Polşadan dəvət olunmuş məşhur musiqiçilərin də
çıxışı nəzərdə tutulub.
Onu da vurğulamaq lazımdır ki, mövcud pandemiya şəraiti ilə
əlaqədar tədbirlərə yalnız xüsusi dəvətnamələr və COVID pasportu
ilə giriş mümkün olacaq.
Mənbə: report.az