Hər gün virusa yoluxan və dünyasını dəyişən onlarla şəxs –
Gürcüstanda kovid reallığı belədir. Gürcüstan hökuməti yoluxma
hallarının artması ilə yanaşı müəyyən məhdudiyyətlər də tətbiq edib
və həmin məhdudiyyətlər mədəniyyət sahəsinə də toxunub.
Geniş miqyaslı tədbirlərin keçirilməsi qadağandır. İndiki mərhələdə
əyani təhsil də tövsiyə edilmir. Marneuli Mədəniyyət Mərkəzinin
kovidlə yanaşı yaşamaq təcrübəsi var və bu baxımdan payız mövsümünü
də hazırlıqlı qarşılayıblar. Ancaq pandemiya Marneulinin elə də
zəngin olmayan mədəni həyatını daha da kasıblaşdırdı.
Tamaşaçısız teatr, onlayn yeni il konserti, qapalı incəsənət
dərnəkləri və baş tutmayan tədbirlər – Marneuli bələdiyyəsinin
2020-ci ildə mədəni həyatı belə idi. Marneuli koronavirusun
qarşısının alınması məqsədi ilə bağlanan zaman yerli teatr
premyeraya hazırlaşırdı. “Marina Revia” tamaşaçılara yalnız bir
ildən sonra səhnədə təqdim olundu.
Zurab Xaptani Marneuli Mədəniyyət Mərkəzinin əməkdaşı və aktyordur.
O, demək olar ki, bir il ərzində səhnəyə çıxmayıb. Premyeraya bir
neçə gün qalanda pandemiya elan olunub. Zalda sanki zaman donub.
Bir ildən sonra hər şey aktyorun qoyub getdiyi kimidir.
“Qalmış stullar, dekorasiyalar, hər şey olduğu kimi idi
və bunun üçün darıxırdım. Tez-tez girirdim, işığı yandırırdım və
sadəcə səhnədə gəzirdim. Tamaşaçısız səhnə pis haldır, tamaşaçıdan
qarşılıq gəlir. Tamaşaçı və aktyor arasında bu qarşılıqlı
münasibətin yaranması yaxşıdır, bu adama güc verir”,
— Zurab Xaptani deyir.
Bir il gecikdikdən sonra baş tutan premyera tənqidçilərin və
tamaşaçıların xoşuna gəlib. Tamaşa bir ailənin münasibətlərindən,
yadlaşmasından, sevgidən, soyuqluq və şəfqətindən bəhs edir.
Həbsxanadan çıxmış ana ailəyə qayıdır, övladları ilə görüşür və
onları təzədən tanımağa, yeni münasibət qurmağa çalışır. Rejissor
Qoça Xviçia “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki,
premyeraya qədər hər şeyin bağlanacağından və tamaşanın
göstərilməsinin yenidən təxirə düşəcəyindən qorxurmuşlar.
“Bilirsiniz təəssüfləndirici olan nədir? Hər şey
mərhələli şəkildə açılırdı və ən gec teatr, mədəniyyət sahəsi
açıldı. Ola bilsin dövlət teatrlarının əksəriyyəti maddi baxımdan
zərər çəkmədi. Ancaq incəsənət adamlarının başqa problemləri
yarandı – hərəkətsizlik. Pandemiya stresi ilə yanaşı artıq peşə
stresi də yaranırdı. Xoşbəxtlikdən açıldı və ümid edirəm ki,
bağlanmayacaq. “Marina Revia” isə çox uğur qazandı. Bu bizim üçün
də gözlənilməz idi və əlbəttə, bu tamaşa ilə dayanmağı düşünmürük.
Bu il nə dərəcədə çatdıra biləcəyik onu bilmirəm. Ancaq əlbəttə,
yeni tamaşalar etməyi planlaşdırırıq”, – Qoça Xviçia
bildirdi.
Doğrudur, koronavirus teatr sahəsinə böyük ziyan vurdu. Ancaq yeni
imkanların yaranmasına da səbəb oldu. Marneuli teatrı onlayn məkanı
mənimsəməyə başladı ki, pandemiya dövründə tamaşaçıları öz
fəaliyyəti ilə tanış etsin.
“Koronavirus bizə çıxış etmək üçün daha çox fikirləşmək
imkanı verdi. Deyək ki, burada, qapalı məkanda bizə işləməyi
qadağan etsələr, fəaliyyətsiz qalmamağımız üçün hansı
alternativimiz var? Sizi əmin edirəm ki, sənət adamı fəaliyyətsiz
qalırsa, bu ağır iqtisadi vəziyyətdən daha da pisdir. Koronavirus
bizə qapalı məkanlar üçün də hazır olmağı öyrətdi. Bizi qapalı və
açıq məkanlarda da tamaşalar qoymağa doğru
yönləndirdi”.
Marneuli truppası sonuncu tamaşanı 10 avqust tarixində təqdim edib.
İndi payız mövsümünə hazırlaşırlar. Məşqləri səhnədə keçirlər və
ümid edirlər ki, tamaşanı oktyabr ayında onlayn şəkildə oynamalı
olmayacaqlar. Belə təcrübələri hələ ki, yoxdur. Rejissor və
aktyorlar ötən il virtual məkana keçə bilmədilər.
Forsmajor vəziyyətə görə, Marneuli Mədəniyyət Mərkəzinin
əməkdaşları da müəyyən dövr ərzində “vaxt və məkanda itənlər”-dən
oldular. Mərkəzin direktoru Nato Şavişvili bildirdi ki, hər yer
bağlanan zaman nəyi necə edəcəklərini bilmirdilər.
“Bizim müxtəlif istiqamətlərimiz var. Onlardan biri
Mədəniyyət Mərkəzində fəaliyyət göstərən teatr truppasıdır. Bundan
əlavə, bizim çox sayda tədris isitqamətlərimiz, dərnəklərimiz var.
Bununla yanaşı yaradıcılıq prosesi də aparılırdı. Çox sayda tədbir,
festival planlaşdırılmışdı. Marneulinin bağlanması dövründə
dayandırılan böyük tədbirləri qeyd etməsəm, olmaz. Bunlar
multietnik festival, planlaşdırılmış bayram tədbirləri, 26 may,
Novruz bayramı və bizim hər il qeyd etdiyimiz, tamaşaçının bizdən
gözlədiyi bayramlardır. Təcili surətdə və gözlənilmədən təhsil
prosesi dayandırıldı, xoreoqrafik ansamblın xaricə planlaşdırılmış
qastrol səfəri təxirə salındı”.
Gərginliyi sonradan fəaliyyət əvəz edib. Mədəniyyət Mərkəzi onlayn
platformanın inkişafı üçün fəal şəkildə işləməyə başlayıb. Demək
olar, mərkəzin planlaşdırdığı bütün tədbirlər, həmçinin, yeni il
tədbiri onlayn formata keçirildi.
Tədbirlərin onlayn formatda keçirilməsi Mədəniyyət Mərkəzinə
ayrılmış büdcəyə də təsir göstərib. Büdcənin əsas hissəsi
mədəni-yaradıcılıq tədbirləri üçün nəzərdə tutulubmuş. Marneulinin
2020-ci il büdcəsində Mədəniyyət sahəsindəki tədbirlərə 135 000
lari ayrılmışdı. Məhz həmin məbləğə bələdiyyədə Novruz bayramı,
yeni il və başqa tədbirlərin keçirilməsi də daxil idi. Burada büdcə
vəsaitlərinə qənaət olunub. 2021-ci ilin büdcəsində də
genişmiqyaslı tədbirlərə pul xərclənməyib və ayrılan vəsaitin
miqdarı yenidən 135 000 lari müəyyən edilib.
“Bizim tədbirlər əsasən çox kiçik büdcəlidir. Doğrudur,
Novruz bayramı, 26 may kimi bələdiyyə miqyasında qeyd olunan
tədbirlərə ayrılmış pul azaldılıb. Ancaq bizim onsuz da kiçik
büdcəli olan layihələrimiz olduğu kimi qalıb. Sadəcə pul başqa
istiqamətlərə xərcləndi. Açıq məkanlarda həyata keçirdiklərimizi
onlayn rejimə keçirdik. Bizə yenə adamları işə götürmək, heyəti
səfərbər etmək lazımdır. Praktiki olaraq çox şey dəyişməyib, sadəcə
əhaliyə çatdırmağımızın forması dəyişir. Müvafiq olaraq, büdcədə
xüsusi dəyişiklik edilməyib. Bu ilin büdcəsi planlaşdırılan zaman
səfərlər olan tədbirləri, festival layihələrini ehtiyatla nəzərə
aldıq. Şəraitimizin əlverişli olduğu qədər, asan şəkildə
koronavirusla yanaşı həyata adaptasiya
olduq.”
Marneuli Mədəniyyət Mərkəzi indi incəsənət, xoreoqrafiya, yaxud
musiqi dərnəklərinin fəaliyyətini yeniləmək üçün hökumətin qərarını
gözləyir. Bu Qurumlararası Şuranın təhsilə sinif otaqlarında,
məktəblərdə icazə verdiyi halda baş verəcək. Ağır epidemioloji
vəziyyətə görə, istisna deyil ki, indiki mərhələdə mərkəzdə tam
fəaliyyəti bərpa etmək mümkün olmasın. Ancaq ötən illə müqayisədə
administrasiya özünü daha çox inamlı hiss edir. Onlayn
platformalardan istifadə edərək artıq işləyirlər və dərnəklərin,
yaxud tədbirlərin idarə edilməsində çətinlik çəkməyəcəklər. Daha
bir ilin onlayn olması Mədəniyyət sahəsi və Marneulilər üçün nə
dərəcədə effektiv olacaq – bu başqa məsələdir. Vəziyyət ola bilsin,
Marneuli teatrının sonuncu tamaşası, “Marina Revia” kimi olsun.
Tamaşada həbsxanadan çıxmış qəhrəman övladlarının yanına gedir və
keçmişi xatırlamaq, yeni münasibətlərin qurulması kimi, onları da
yenidən tanımalı olur.